Bakı zaman itirmədən genişmiqyaslı diplomatik hücuma keçməlidir - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 05 İyul 2017 13:38

murteza bunyadli

Ermənistan ordusu iyulun 4-də Qarabağ cəbhəsində insanlığa sığmayan növbəti akta imza atdı. Erməni silahlı qüvvələri iyulun 4-də təmas xəttində beynəlxlaq təşkilatların münaqişələrlə bağlı beynəlxalq  konvensiyalarını kobud surətdə pozaraq dinc əhalini hədəf seçib. Erməni silahlı qüvvələrinin vandal hərəkəti, iriçaplı silahlardan atəşə tutması nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin iki dinc sakini – 2015-ci il təvəllüdlü Quliyeva Zəhra və nənəsi, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz dünyasını dəyişib. 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı isə ağır yaralanıb.

Ermənistan tərəfinin bu hərəkəti bir daha sübut edir ki, onlar münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Əksinə hər vəchlə müxtəlif təxribatlarla cəbhə xəttində gərginlik yaratmaqla qarşı tərəfi bu təxribatlara sövq edərək, genişmiqyaslı hərbi əməliyyatlara cəlb etmək istəyir.

Düzdür, Azərbaycan tərəfi düşmənin layiqli cavabını verməyə hazırdır və elə son aylarda düşmənin istənilən təxribatının qarşısını alaraq, onların layiqli cavabını verib. Ancaq buna baxmayaraq, düşmən daha məkrli planlara əl ataraq Azərbaycanı təxribata cəlb etmək istəyir. Azərbaycan tərəfi düşmənin bu məkrli planından xəbərdar olduğundan, onun hərəkətlərinə ehtiyatla və ayıq formada cavab verir.

Ermənistanın iyulun 4-də insanlığa sığmayan hərəkəti Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Yəni İrəvan müharibə zamanı elementar qaydaları kobud surətdə pozmaqla işğalçılıq siyasəti ilə yanaşı, insanlığa sığmayan cinayətlərini davam etdirir. Erməni silahlı qüvvələri cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. Bu nə ilk, nə də sondur. Ermənistanın bu cinayətkar əməllərinə və işğalçılıq siyasətinin davam etdirilməsinə rəvac verən isə münaqişənin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu həmsədr ölkələridir. Çünki bu qurumun 25 illik fəaliyyəti müddətində işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması, işğalçını öz adı ilə çağırmaması və ona qarşı bu işğalçılıq siyasətinə, insanlığa sığmayan cinayətlərinə görə hər hansı formada təzyiq, sanksiyalar tətbiq etməməsidir. Əksinə Minsk Qrupu həmsədrləri ermənilərin işğalçılıq siyasətinə göz yummaq və ya dolayı yolla dəstək verməklə onların işğalçılıq siyasətini davam etdirməyə sövq edirlər. Baxmayaraq ki, həmsədrlər iyunun 12-də İrəvanda, daha sonra Azərbaycanın işğal altındakı ərazilərində olduqdan sonra iyunun 19-da Azərbaycan rəhbərliyi ilə görüşüb vəziyyəti müzakirə etdilər. Elə o zaman səfər ərəfəsində ermənilər cəbhə xəttində gərginlik yaratmaqla   vasitəçiləri danışıqlar prosesindəki əsas hədəfdən yayındırmağa çalışdırlar. Və İrəvan müəyyən mənada bu niyyətinə nail oldu. Həmsədrlərin son səfərindən sonra Qarabağ cəbhəsində yaranmış vəziyyətlə bağlı danışıqlar prosesinin intensivləşdirmək, iyulun 3-də Vyanda məsələni ATƏT rəhbərliyi ilə müzakirə etmək, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünü təşkil etmək barədə razılığa gəldilər. İyulun 11-də isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə məlumat yayıldı. Məhz ermənilərin cəbhə xəttində gərginliyi yaratmasının əsas məqsədi yenə də Qarabağda status-kvonun qorunub saxlanması və danışıqlar prosesinin istiqamətini başqa səmtə yönəltməyə xidmət edir. Ona görə də erməni silahlı qüvvləri daha vandal və insanlığa sığmayan hərəkətləri ilə qadınları, azyaşlı uşağı məqsədli formada hədəf seçib. Bununla da İrəvan nazirlərin görüşündə münaqişənin danışıqlar yolu ilə tənzimlənməsini deyil, gərginliyin azaldılması və bu zaman öz məkrli planlarını həyata keçirməyə çalışır. ATƏT-in Minsk Qrupu həmsədrləri ermənilərin bu niyyətini bilsə də, onlara “dur” deyən yoxdur. Elə həmsədrlərin iyulun 4-də Füzulinin Alxanlı kəndində baş verən hadisə ilə bağlı verdiyi bəyanat da bu qəbildən olan bəyantlardandır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatının əsas mahiyyəti Azərbaycan tərəfini ermənilərin bu insanlığa sığmayan hərəkətlərinə cavab verməməyə çağırışı kimi dəyərləndirmək olar. Əgər həmsədrlər obyektivlik və ya beynəlxalq hüququnun prinsiplərini əsas götürsəydilər, o zaman bəyanat ünvanlı olmaqla yanaşı, İrəvana qarşı bu cinayətkar hərəkətinə qarşı cəza tədbirləri ilə bağlı müddəalar əksini tapmalı idi. Ancaq təəssüflər olsun ki, biz yenə də bunun şahidi olmadıq. Əksinə ATƏT-in Minsk Qrupu həmsdərləri bu bəyantı ilə İrəvanı işğalçılıq və insanlığa sığmayan hərəkətlərini davam etdirməyə xidmət edir. Bir daha təkrar edirəm ki, bu hərəkətlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün nəticəliliyini sıfra endirməyə, masada Qarabağda status-kvonun dəyişməsi ilə bağlı hər hansı addımların atılması istiqamətində, danışıqlar masasında olan məsələlərin müzakirəsindən yan keçərək, cəbhə xəttində gərginliyin azaldılmasına yönəldilən siyasətdir.

Burada digər bir amil də ondan ibarətdir ki, İrəvan bununla Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü pozmaq istəyir. Yəni görüşün nəticəsiz olacağı rəyi formalaşdırmaqla görüşün mənasızlığı barədə rəy formalaşdırmağa çalışır. Bakının görüşdən imtina etməsindən isə öz məqsədləri üçün istifadə edib, Azərbaycana qarşı istifadə etmək istəyir. Növbəti bir məsələ isə müharibə ab-havası yaratmaqla öz məqsədləri üçün yararlanmağa çalışır. Odur ki, Bakı yaranmış situasiyanı daha dəqiqliklə hesablayıb öz gələcək addımlarını atmalıdır.

Hesab edirəm ki, rəsmi Bakı yaranmış durumdan və ermənilərin Füzulinin Alxanlı kəndində həyata keçirdiyi vandal hərəkətindən istifadə edib, zaman itirmədən beynəlxalq aləmdə genişmiqyaslı diplomatik hücumlar təşkil etməlidir. Bu prosesə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları,vətəndaş cəmiyyəti, KİV, xüsusən də xarici KİV cəlb olunmalı və onlardan maksimum bəhrələnmək lazımdır. Bu yolla bir daha ermənilərin vandalizmini və dinc sakinlərə qarşı humanitar fəciə törətdiyini və işğalçılıq siyasətini ifşa etmək olar.

Mürtəza Bünyadlı

Gununsesi.info