Bakıda silahlı insidentdə yaralanan şəxslərin son vəziyyətləri AÇIQLANDI -VİDEO

 

TƏBİB Bakının Nəsimi rayonu ərazisində baş verən hadisə ilə əlaqədar yaralıların son durumu barədə məlumat yayıb.

TƏBİB-dən  bildirilib ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

16:38

“Təəssüf hissi ilə bildirirəm ki, bu gün Səməd Vurğun küçəsində baş verən silahlı insidentdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli də yaralanıb”.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova  bildirib ki, adıçəkilən tələbə 08:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb.

16:10

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentdə yaralanan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli ATU-nun hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsidir.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə baş verən zaman dərs saatı olmayıb.

ATU-dan məlumatı redaksiyamıza təsdiq ediblər.

16:05

“Biz atışma səslərinə gəldik. Atəş açanları görmədik, iki nəfər xanım görüb. Onlar da qaçdılar yolun o biri tərəfinə”.

Gununsesi.info xəbər verir ki, bu barədə şahid Baku TV-nin hadisə yerinə yollanan müxbirinə açıqlamasında deyib.

Hadisə şahidi bildirib ki, yaralılara ilkin tibbi yardımı onlar göstəriblər:

“Biz atəş səsləri eşitdikdən 1-2 dəqiqə sonra bura gəldik. İki nəfər yaralı var idi. Onların ayaqlarını juqutla bağladıq və təcili tibbi yardıma məlumat verdik. Biri dedi ki, ATU-nun tələbəsidi. O sağ ayağından güllə yarası almışdı. O biri bilmədik kim idi. Tələbə dedi ki, Xırdalanda yaşayır, heç kimlə ədavəti olmayıb”.

15:51

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.

Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, silahlı insident nəticəsində üç nəfər xəsarət alıb və bir avtomobilə ziyan dəyib.

Canlı yayımı təqdim edirik:

15:43

Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Məlumatı  ATU-nun mətbuat xidmətindən təsdiq ediblər.

15:31

Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən bir nəfər tutulub.

Bu barədə  DİN-dən məlumat verilib.

İctimaiyyətə əlavə məlumat veriləcək.

15:23

Bakıda silahlı insident zamanı xəsarət alanların kimlikləri məlum olub.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıblar.

15:02

Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb.

Gununsesi.info xəbər verir ki, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

14:57

Bakıda silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.

Gununsesi.info-nun əldə etdiyi görüntülərdə iki nəfərin qan içində yerdə uzandığı əks olunub.

Həmçinin videoda polislərin hadisə yerində olduğu görünür.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması barədə polisə məlumat daxil olub.

14:45

Bakıda silahlı insident olub.

Gununsesi.info xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İnsident zamanı silahlı şəxs(lər)in iki nəfəri güllələdiyi iddia edilir.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Araşdırma aparılır.

Gununsesi.info