
Gununsesi.az xəbər verir ki, Milli Məclisin (MM) plenar iclaslarının büdcə müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanda bank fazilərinin yüksək olmasından danışıb. O bildirib ki, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət xoşagələn deyil: “Ölkənin bank sistemində problemlər qalmaqdadır. Biz bankların fəaliyyətindən razı qala bilmərik. Banklar real iqtisadiyyatı kifayət qədər maliyyələşdirmir. Bizdəki bank faizləri dünya ölkələrindəki bank faiz dərəcələrindən xeyli yüksəkdir. Yaxın 2-3 il ərzində bu faiz dərəcələrinin aşağı salınmasına çalışmaq lazımdır”.
Komitə sədri, həmçinin deyib ki, pullu xidmətlərlə pulsuz xidmətlər arasında optimal nisbət olmalı və təmin edilməlidir: “Bununla yanaşı, aqrar sahədə görülən işlər çox böyük dinamikadan xəbər verir. Təsadüfi deyil ki, büdcədə aqrar sektora 1,6 milyard manat vəsait nəzərdə tutulur. Bəzən deyirlər ki, subsidiyalar kəsilməlidir. Axı, niyə? Subsidiyalar davam etdirilməlidir””
Z.Səmədzadə çıxışında sahibkarlığın inkişafına toxunub və sahibkarlığın inkişafında hələ də problemlərin, əngəllərin qaldığını, onların aradan qaldırılmasının vacib olduğunu dilə gətirib.
Gununsesi.az












