Barıt qoxuyan Bənövşələr, çürüyən pambıq tarlaları… - AĞDAMDAN REPORTAJ - FOTOLAR

  • By admin
  • 25 Oktyabr 2017 14:30

qurbanovlar 1

Yolumuz Ağdamadır… Məcburi köçkünlər üçün salınan Bənövşələr qəsəbəsinə. Cəbhə xəttinə yaxın yerləşən və məcburi köçkünlər üçün salınan ilk qəsəbələrdən biridir. Sakinlər hər gün atışma səslərini eşitdiklərini söyləyirlər. 2005-ci ildə istifadəyə verilən qəsəbəyə çadır şəhərciyində yaşayan və Ağdamdan olan məcburi köçkünlər yerləşdirilib. Oradakı ailələrin sayı təqribən 470-ə yaxındır.

Aprel döyüşlərinin balaca Nicatın səhhətində buraxdığı ağır iz…

Qəsəbədə Qurbanovlar ailəsinin qonağı olduq. Qurbanovlar əslən Ağdamın Əliağalı kəndindəndirlər. 10 ildən çox Bərdədə çadır şəhərciyində yaşayıblar.

Bu ailəyə səfər etməyimizin səbəbi ailənin oğul övladlarından olan Nicatın ötən ilin aprel döyüşlərindən sonra yaşadığı stress, bununla bağlı ana və atanın düşdüyü vəziyyəti işıqlandırmaqdır.

Nicat Qurbanovun 11 yaşlı var, məktəblidir. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə baş verən döyüşlərdə Bənövşələr qəsəbəsinin sakinləri, xüsusilə, yaşlıları və uşaqları böyük bir stress keçiriblər. Məhz yaşanan stress nəticəsində Nicat epilepsiya xəstəliyi tapıb. Ailə üzvləri ona qarşı davranışlarında olduqca ehtiyatla yanaşırlar. Çünki kiçik bir gərginlik 11 yaşlı bu uşağın sinir sisteminə böyük təsir göstərir və xəstəliyinin inkişafına təkan verir.

Ailə başçısı Elgiz Qurbanov oğlunu müalicə etməkdə maddi çətinliklərlə üzləşib. Həmin gün baş verənləri E.Qurbanov belə xatırlayır: “Aprelin 1-dən 2-nə keçən gecə burada vəziyyət qarışdı. Aprelin 4-də qəsəbədə, anamgilin evinin yaxınlığında  snaryad düşdü və 45 baş qoyunu tələf etdi. Həmin snaryadların uğultusuna  böyük oğlum epilepsiya keçirdi. Əvvəlcə elə bildim zəhərlənmədi, ürəyi bulandı, qaytardı. Sonradan epilepsiya keçirdiyini öyrəndik. İndi hazırda hər 3 aydan bir Bakı Nevroloji Xəstəxanasına həkimə aparırıq. Onun müalicəsi üçün 3 kredit götürmüşəm – ikisini öz adıma, birini də qonşu kömək etmək üçün onun adından kredit götürməyə razılıq verdi. Ailə başçısı olaraq, olduqca böyük çətinlik çəkirəm. Əslində, aprelin 4-də kənddə bir neçə kişi qalmışdı, ailələrin çoxu çıxmışdı. Qaçqınlıq həyatı bir dəfə yaşadığım üçün ikinci dəfə eyni halı yaşamaq istəmədim, ona görə çıxmadım, oğlum da mənimlə qalmaqda israr etdi. Və gördüyünüz kimi, belə bir problem meydana çıxdı”.

qurbanovlar 2

İşsizlikdən solan Bənövşələr

Elgiz Qurbanovun yaşadığı ən böyük çətinlik iş tapa bilməməsidir.  Ümumiyyətlə, məcburi köçkünlər üçün qəsəbə salınsa da, onların məşğulluğunun təmini nəzərə alınmayıb. Sakinlərə verilən 12 sot həyətyanı sahəni əkib-becərmək üçün isə su çatışmazlığı var. E.Qurbanov deyir ki, çadır şəhərciyində buradan daha rahat təsərrüfat qura bilmişdilər: “1993-cü ildən 2005-ci ilə qədər Yevlaxla Bərdə arasında yerləşən ərəb çadırı deyilən çadır şəhərciyində yaşayırdıq. Orda yenə heyvan saxlayıb dolanırdıq, kiçik bir dükan açmışdım. 2005-ci ildə bura köçəndən sonra dükan açmaq üçün yer vermədilər. Evlər püşk atma ilə paylanırdı və mənim qismətimə də belə dalan bir yer düşdü.  Yəni işlək, gediş-gəlişli yer deyil ki, dükanı öz həyətimdə açım. Yolun kənarında isə heç bir yer verilmədi. Orada ərazi almaq üçün icrada gərək adamın ola.

Əsas problemimiz işsizlikdir. 12 sot torpaq veriblər. Əvvəllər sudan rahat istifadə edə bilirdik, ağac əkirdik. Sonra suya limit tətbiq etdilər. İndi sudan istifadə edənlərə adambaşına 1 manat 50 qəpik ödəniş qoyublar, o da saatla. Həmin sudan yalnız içmək üçün istifadə edə bilirik. Heyvan saxlamaq üçün isə otlaq sahələri yoxdur. İlk dövrdə bir neçə heyvan saxladıq. Sonra bütün ərazilər pay toprağı kimi götürüldü və heyvanların otlamasına icazə verilmədi. Bu qəsəbə üçün heç bir otlaq sahəsi ayrılmayıb, heç bir iş yeri yoxdur ki, heyvandarlıqla məşğul olanlar təsərrüfatlarını qura bilsinlər”.

Hazırda qəsəbə sakinləri üçün əsas iş yeri pambıq sahələri sayılır. E.Qurbanov deyir ki, pambıq yığımına az pul verildiyindən sahələrdə qalıb: “Bu il gətirib pambıq əkdilər. Pambıq alağında qazanc götürə bildik. Alağın saatına 1 manat verirdilər. Ailə üzvlərimlə birgə işləyərək 25-30 manat qazanırdıq. Amma indi yığılan pambığın kilosuna 12 qəpik verirlər. Bir neçə dəfə yığıma getdim, baxdım ki, günə 35-40 kilodan çox yığmaq mümkün deyil. Çünki pambıqda məhsuldarlıq azdır deyə, çəkisi də aşağı gəlir. Sovet dövründə günə 110-140 kilo pambıq yığırdıq. Bir lopada 3-4 zəif çiyid var, o da çəki vermir. Amma sovet vaxtı çiyidlər iri olurdu və məhsul üzərində çox olurdu. Ona görə də, sahələrdə pambıq başına qalıb, yığmağa gedən yoxdur”.

Kök və soğan sahələrinə əkilən pambıq tarlaları başlı-başına qalıb 

pambıq 3

Yeri gəlmişkən, rayona doğru getdikcə Bərdə və Ağdam yolu üzərində əkin sahələrinin böyük hissəsində pambığın əkilməsi diqqətimizi çəkdi. Yerli sakinlər deyir ki, keçən ilədək bu sahələrdə kök, soğan və kartof əkilərdi.

Bir müddət əvvəl də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirmişdi ki, cəbhə bölgəsində pambıq əkininə start verilib. Onun sözlərinə görə, hazırda rayonda 500 hektar ərazidə çiyid səpilib: “Ümumilikdə 3000 hektar ərazidə pambıq əkini nəzərdə tutulub. Əkiləcək sahələr aqrotexniki qaydalara uyğun hazırlanıb. Səpin üçün lazım olan bütün texnika və avadanlıqlar hazır vəziyyətdədir, yüksək keyfiyyətli toxum gətirilib”.

Beləliklə, yüksək toxumlu dedikləri pambığın məhsuldarlığını Elgiz Qurbanov yuxarıda gözəl izah etdi. Məhsuldarlığın zəif olması isə kəndlilərin marağını azalıdır. Qəsəbə sakinlərinin sözlərinə görə, dövlət tapşırığı ilə bütün bələdiyyə torpaqlarında məcburi şəkildə pambıq əkilib. Hətta pay topraqlarının hamısında pambıq əkilməsi tapşırıldı. Bu səbəbdən rayona daxil olarkən, ilk olaraq adamı pambıq sahələri qarşılayır. Özü də heç bir yığım getmir, yerində artıq saralmış pambıq çiyidləri qalıb. Kəndlilərin sözlərinə görə, bir ara yığıma müəllim və həkimlər cəlb olunurdu. Sonra müəllimlərin pambıq tarlalarına getməkləri dayandırıldı, həkimlər isə yayınmaq üçün min bir bəhanə axtarmağa çalışırlar.

E.Qurbanov sual edir ki, günə 40 kilo pambıq yığıb günə 4 manat qazanmaqla 3 uşaq böyüdüb, ailə saxlamaq olarmı? “Hər şey də bahadır, ətin kilosu 11 manat, unun bir  tayı (1 kisə -V.R) 73 manatdır”-deyə, o, real vəziyyəti təsvir edir.

Həmsöhbətimiz deyir ki, su qıtlığına görə, 12 sot torpaqda heç nə edə bilmirlər: “Yerli camaat heç bir su pulu ödəmir, fasilə də yoxdur. Qaçqın qəsəbələrinə isə suyu həm pul ilə verirlər, həm də fasilə yaradırlar.  Hökumətin verdiyi çörək pulu ilə kommunalların yarı xərcini belə ödəyə bilmirik. Evlər tikilərkən heç bir istilik sistemi çəkilməyib, hətta odun sobası qoymaq üçün belə yer nəzərdə tutulmayıb. Bu evlə sankı qış üçün deyil, yalnız yay üçün tikilib”.

Reportaji hazırladı: Vüsalə Rüstəmova

Fotolar Cavid Qurbanova məxsusdur

Gununsesi.info