Baş mühasib sabiq icra başçısının üzünə durdu - Məhkəmədə dava

  • By admin
  • 04 Mart 2022 12:57

İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev ifadə verib. Şahid sərbəst ifadəsində bildirib o, Vilyam Hacıyevə vəzifəyə təyin olunandan həbs olunana qədər qanunsuz yolla toplanan 4 milyon manatdan çox vəsait verib: “2020-ci ildə rayon icra hakimiyyəti inzibati binasının tikintisi üçün 3 milyon manat ayrılmışdı, 3 ayın içində yox oldu. Özüm Vilyam Hacıyev icra başçısı təyin olunandan sonra bu işlərlə məşğul olmağa başladım. Mənə birgə işləmək təklif edəndə əvvəl razı olmadım, sonradan işimi itirməmək üçün razılaşdım. Yəni, məncə, kim olsa, bunu edərdi”.

Şahidin sözlərinə görə, Vilyam Hacıyev Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyinatı üçün 70 min manat, Olimpiya Mərkəzinə direktor təyinatı üçün isə 10 min manat pul alıb.

O, həmçinin bildirib ki, toplanan vəsaitləri şəxsən təqsirləndirilən şəxsə təhvil verib: “İcra hakimiyyəti başçısının tikintisi üçün ayrılan puldan ilk olaraq 76 min manat götürdüm. Həmin pulu “002” serialı avtomobilində Vilyam Hacıyevə təqdim etdim. Sonrakı mərhələdə götürdüyüm vəsaiti isə istirahət mərkəzində Vilyam Hacıyevə təqdim etdim”.

Təqsirləndirlilən Vilyam Hacıyev isə şahidi böhtan atmaqda günahlandırıb: “Dedikləri hamısı yalandır. Mən də burdan iddia qaldırıram, Cəmil Musayevə 10 milyon manat vermişəm. Neynəyib onu, atasına, ya nənəsinə verib? Qaytarsın o pulu… Xahiş edirəm, baş mühasib barəsində cinayət işi açılsın, o da mənim kimi həbs olunsun”.

Proses martın 5-də davam etdiriləcək.

Gununsesi.info