Bəlkə də bu corabları Castin Biber geyinsəydi, heç bir ciddi marağa səbəb olmazdı. Amma al-əlvan corabları ilə gündəmə gələn Castin Trüdodur, Kanadanın baş naziri.
Yeri gəlmişkən, Castin Trüdonu tipik siyasət adamından daha çox şou biznes adamı kimi tanıyırlar. Bəlkə də elə sərbəst davranışlarına, kompleksizliyinə, gülərüzlülüyünə və bir də … corablarına görə.
Bəli, məhz sonuncu faktor, yəni corabları kanadalı baş naziri zaman-zaman dünyanın gündəminə gətirir. Elə ən sonda o, Davos forumunda sarı ördəkli bənövşəyi corabları ilə müzakirə predmetinə çevrilib. Bu sarı ördəklər Davosa toplaşan dünya nəhənglərinə nə mesaj ötürüb deyə bilmərik, amma aydın məsələdir ki, kiminsə ördək yerişi və yaxud enli dimdiyi, bəlkə də tamam başqa bir məqam Castinin corablarında əksini tapıb.
Məlumatlara görə, Kanada hökumətinin rəsmi saytında baş nazirin geyindiyi corabların satışı belə təşkil olunur. Baş nazirin başı qədər ayağı ilə də gündəmə gəlməsi, yəni corablarıylara cəmiyyətə ötürdüyü mesajlar görünür xarakterindən, hadisələrə baxışından daha çox asılıdır. Məsələn, ötən ilin mayında Brüsseldə keçirilən dünyanın dövlət və hökumət başçılarının NATO zirvəsinə Trüdo üzərində təşkilatın loqotipi olan çəhrayı rəngli corabla qatılmış, bununla da millətlərin maraqlarının təşkilatın maraqlarından üstün olduğuna diqqət çəkmişdi. Şəkli hətta Almaniya kansleri Angela Merkel öz İnstaqram səhifəsində paylaşmış, “əla corablardır, Trüdo” deyə hisslərini belə gizlətməmişdi. Ardınca iyunda Kanadanın baş naziri Torontodakı gey-paradda görüntülənmişdi. Hadisə Ramazan bayramının sonuncu gününə təsadüf etdiyindən Kanadanıın baş naziri bu parada ayağında LGBT-nin rəmzi olan corabla qatılmış, corabın boğazındakı qırmızı haşiyədə isə müsəlmanların müqəddəs bayramına diqqət çəkmişdi. Ərəb dilində təbrik və səkkizguşəli ulduzla hilal müsəlmanları xeyli qəzəbləndirmişdi. Baxmayaraq ki, Castin Trüdonu həm də İslam dininə xüsusi simpatiyası ilə tanıyırlar.
Daha maraqlısı isə Kanadanın baş nazirinin irlandiyalı həmkarıyla şən corab zarafatlarıdır. Belə ki, ötən ilin iyulunda İrlandiyanın baş naziri Leo Varadkar Castin Trüdo ilə görüşə ikincinin tərzində – üzərində kanadanın simvolları sayılan atlı polislər və ağcaqayın ağacı yarpaqlı təsvirlər olan qırmızı corabla gəlir. Avqustda Castin irlandiyalı həmkarına los təsvirli corabla cavab verir. Belə nümunələr o qədər çoxdur ki, saydıqca bitməz.
Beləcə, kanadalı baş nazirin corab diplomatiyası dünyanın sadəcə üzünü güldürür. O heç kimin başına corab hörmür, əksinə, dünya ona heyrandır. Səbəbi görünür həm də sadəlikdə axtarmaq lazımdır. Hərçənd, Castin Trüdo heç də sadə ailədə doğulmayıb. O, Kanadanın 15-ci baş naziri Pyer Elliot Trüdonun oğludur. 1971-ci il təvəllüdlü Castin Trüdonun Kanadanın baş naziri olacağının proqnozunu ilk dəfə ABŞ prezidenti Riçard Nikson verib. 1972-ci il Ottava Milli İncəsənət Mərkəzində ABŞ-ın birinci xanımı Pet Nikson bir yaşlı Casperə oyuncaq it bağışlamış, prezident Riçard Nikson isə körpənin şərəfinə badə qaldırmış və demişdi; Kanadanın gələcək baş nazirinin şərəfinə...
Nikson uzaqgörənmiş. Ya da siyasət elə budur. Hakimiyyətin oğullara atalardan keçdiyini Nikson tarixi təcrübədən bilirmiş. Bütün hallarda, Trüdo həm Niksonun, həm də atasının etimadını doğrultdu. O əla siyasət adamıdır, eyni zamanda müxtəlif maraqlı jestlərlə gündəmə gəlir. Gah qadınların hüquqlarının fəal müdafiəçisi kimi çıxış edir, gah yoqa ilə məşğul olur, gah boks meydançalarında görünür. İndi tək kanadalılar yox, bütün dünya bu cavan oğlanı sevir. Həm də onun corablarını.
Bu yazını yaza-yaza düşünürəm ki, bəlkə elə xoşbəxtliyin açarı bu corablardadır? Görəsən bizim baş nazirin corabları nə rəngdədir? Əminəm ki, qara. Bütün millətin kişilərinin geyindiyi corab rəngdə. Bəlkə corabımızı dəyişək? Bu ki, baş naziri dəyişmək qədər çətin iş deyil.
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist
Gununsesi.info