Baş redaktor rüşvətlə alim olmaq istəyənlərin pulunu mənimsəyib - AMEA şikayət etdi

  • By admin
  • 06 Dekabr 2021 14:52

Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənimsəyib.

Gununsesi.info
xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidmətindən bildirilib. Məlumata görə, R.Nəcəfov akademiyanın bir neçə əməkdaşını Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə dair inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.

Zərəçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər. Daxili İşlər Nazirliyi isə sabiq baş redaktorun AMEA əməkdaşlarının pulunu mənimsəməsi faktı ilə bağlı araşdırmaya başlayıb.

Xatırladaq ki, Rahil Nəcəfov 2012-cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2016-2017-ci illərdə AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.
Gununsesi.info