Beynəlxalq Kənd Qadınları Günü Bərdədə qeyd olundu - FOTOLAR

  • By admin
  • 17 Oktyabr 2022 13:35

Ötən həftə onların bayramı idi, zəhmətkeş, süfrələrimizə 1001 dad bəxş edən, əkən, biçən, tikən, toxuyan, bişirən, bir sözlə yorulmaq bilmədən çalışan kənd qadınlarının! Həm də 1 deyil, 2 əlamətdar günü qeyd etdilər. Çünki 15 oktyabr Beynəlxalq Kənd Qadınları Günü, 16 oktyabr isə Dünya Ərzaq Günüdür. Bu münasibətlə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin PSA layihəsinin dəstəyi ilə Bərdə şəhərindəki Heydər Əliyev Məkəzində regional konfrans və sərgi-yarmarka keçirib.

AKQA 23 rayon üzrə 50 Qadın İnkişaf və Müəssisə Qrupunda 600 üzvü birləşdirir. Konfransa Tovuz, Gədəbəy, Goranboy, Ağdam, Beyləqan, Masallı, Lənkəran, Bərdə və Tərtərdə fəaliyyət göstərən 19 Qrup, habelə rəsmi qurumların, beynəlxalq təşkilatların, ictimaiyyətin nümayəndələri qatılıb.

“Azərbaycandakı bütün kənd qadınlarını təbrik edirik. Bugünkü tədbir sizin haqqınızdır! Kənd qadınları Azərbaycanda kənd təsərrüfatı və bir çox başqa sahələrdə hərəkətverici qüvvədir. AKQA ilə tərəfdaşlıq etməkdən və onun kənd qadınlarının həyatlarını sahibkarlıq və liderlik vasitəsilə dəyişdirmək missiyasını dəstəkləməkdən qürur duyuruq”, – deyə USAID Özəl Sektorun İnkişafı Layihəsinin (PSA) rəhbəri Matt Weber bildirib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova qadınların aqrar sahədə rolunun artırılması zərurətini vurğulayıb.

“AKQA kənd qadınlarının məşğulluğunun təmin edilməsinə, iqtisadi imkanlarının genişlənməsinə, onların maliyyə resurslarına, satış bazarlarına çıxışlarının sürətlənməsinə çalışır. Beləcə kənd qadınlarının səsi cəmiyyətdə daha gur duyulacaq. Hər uğurlu qadın öz təcrübəsini, uğur tarixçəsini paylaşaraq, bu prosesi regionlarda geniş təşviq etməlidir. Bayramlar isə bunu reallaşdırmaq üçün əla fürsətdir”, – deyə AKQA-nın sədri Gülbəniz Qənbərova qeyd edib.

Bayramları bayrama qatlanan əməkçi qadınlar bu çağırışa həvəslə səs verərək, uğur hekayələrini iştirakçılarla bölüşüblər və mükafatlarla təltif olunublar.

Gununsesi.info