“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev 7 gün müddətinə 13 saylı cəzaçəkmə müəssisəsinin cərimə kamerasına – karsa salınıb.
Gununsesi.info-nun xəbərinə görə, 13 saylı cəzaçəkmə müəssisəsi Azərbaycanın ən pis şəraitli cəzaçəkmə müəssisələrindən biridir.
13 saylı cəzaçəkmə müəssisəsində məhkumluq yaşayanların söylədiklərinə görə, sabiq bankir müəssisədə xeyli təmir və abadlıq işləri aparıb.
Sabiq məhbusların verdiyi məlumata görə, 13 saylı cəzaçəkmə müəssisəsinə ən imkansız və sifarişli həbs edilən məhkumlar göndərilir. Belə ki, Anar Məmmədli, Pərviz Həşimli, Əli İnsanov, Tofiq Yaqublu İlkin Rüstəmzadə və Əbdül Əbdülov bu müəssisədə cəza çəkiblər.
Qeyd edək ki, 2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkar edilib. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə bir sıra filialların keçmiş rəhbərləri də həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, C.Hacıyev istintaq tərəfindən 80 mln. manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunub. KİV-in məlumatına görə, bankın problemli kreditlərinin məbləği 6 mlrd. manata çatırdı.
Gülnaz Qənbərli
Gununsesi.info