Çörəyin bahalaşması hər ailəyə nə qədər ziyan vuracaq?

  • By admin
  • 01 Avqust 2016 09:40

corek

Vahid Məhərrəmov: «Çörəyin qiymətinin 10 qəpik artımından sonra, hər ailə büdcəsindən əlavə 8 manat vəsait xərcləməli olacaq»

Çörəyin qiymətinin artması ailə büdcəsinə təsirsiz ötüşməyəcək. Pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb. “Zavod çörəyi” kimi tanınan məhsul artıq dükanlara 46 qəpikdən verilir. Çəkisindən asılı olmayaraq, çörəyin qiyməti 10 qəpik artıb.

Bəs, bu artımı şərtləndirən səbəblər hansılardır? Dünya bazarında taxılın qiymətinin ucuzlaşdığı bir zamanda belə bir vəziyyətin yaranması sual doğurur. Digər tərəfdən hələ bahalaşmadan əvvəl kənd təsərrüfatı nazirlyiindən bəyan olunmuşdu ki, istehlak olunan taxılın 75 faizi daxili istehsal hesabına ödənilir. Belə olan halda bahalaşmanın səbəbləri aydınlaşdırılmır.

Bahalaşmanın bir səbəbi kimi də taxılın ölkədən dollar çıxarması ilə əlaqələndirilir. Yəni taxıl dollarla alındığından bahalaşma başa düşülən olmalıdır. Ötən müddət ərzində, suyun, işığın və çörəyin qiymətini artına hakimiyyət bununla ailə büdcəsinə ciddi zərbə vurdu. Son bahalaşmanı sadə azərbaycanlı öz cibində necə hiss edəcək?

Bu suallara cavab almaq üçün kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovla əlaqə saxladıq. V.Məhərrəmov bildirdi ki, ölkədə il ərzində 1 milyon 200 min tondan çox çörək-bulka məmulatları istehsal olunur. Bu o deməkdir ki, il ərzində hər ailə 480 kiloqram, ayda isə 40 kiloqram, yəni 80 ədəd çörək istehlak edir: “Indiki halda 1 ədəd çörəyin qiymətinin 10 qəpik artımından sonra, hər ailə büdcəsindən əlavə 8 manat vəsait xərcləməli olacaq. Nəzərə alsaq ki, əhalinin kasıb təbəqəsi dana çox yavan görək istehlak etmək məcburiyyətində qalıblar, onlar üçün bu rəqəm 1.5 dəfə fərq edəcək. Yəni ayda 60 kiloqram çörək istehlak edən kasıb ailələr çörək üçün 12 manat əlavə vəsait xərcləməli olacaqlar”.

V.Məhərrəmov onu da bildirdi ki, dünya bazarında taxılın qiyməti çox ciddi şəkildə aşağı düşüb. Hazırda taxılın bir tonu 140 dollardır. Halbuki bir ay yarım bundan əvvəl bu göstərici 180 dollara yaxın idi. Bundan başqa unun da qiyməti ciddi şəkildə aşağı düşüb. V.Məhərrəmovun sözlərinə görə, çörəyin qiymətinin artımına digər amillər təsir edib. Ölkədə hələ də korrupsiya və rüşvətxorduğun aradan götürülmədiyini deyən V.Məhərrəmov bildirdi ki, çörək bişirmə ilə uzun müddətdir ki, məşğul olan sahibkarlara öz bizneslərini genişləndirməyə, yeni avadanlıqlar gətirməyə imkan verilmir: “Bu gün ən çətin durumda olan məhz bu cür sahibkarlardır. Amma Bakıda təxminən 5-ə yaxın yeni zavod -çörək istehsal edən müəssisə istifadəyə verilib ki, bunlar da oliqarxlara məxsusdur. Həmin zavodlarda müasir avadanlıqlardan istifadə olunur, dövlət büdcəsi hesabına həmin təşkilatlara tamamilə aşağı faizli kreditlər verilir. Hətta bu zavodlara yardımlar da edilib. Bu zavodlarda istehsal olunan çörək onsuz da əhaliyə yüksək qiymətə təklif olunurdu. Onlar zavod çörəyi istehsal etmirdilər. Onlar təxminən 250 qramını 50 qəpikdən təklif edirdilər. O sahibkarlar qiymət artımını vaxtı ilə həyata keçiriblər. Bizim apardığımız araşdırmalar göstərdi ki, çörəyin topdan satış qiymətinin yarım kiloqrammı 18, bir kiloqrammı isə 36 qəpiyə başa gəlir. Halbuki yarım kiloqramlıq çörək 40 qəpiyə təklif olunurdu. Burada digər xərcləri, daşınmasını, şəbəkələrə paylanmasını da nəzərə almaq lazımdır”.

V.Məhərəmmovun sözlərinə görə, çörəyin qiymətinin artımını şərtləndirən amillər milli valyutanın dəyərdən düşməsi oldu. Yəni çörək istehsalçıları həm də özləri istehlakçılardır: “Biz əvvəl də deyirdik ki, çörəyin qiymətini artıran amillər heç də istehsal vasitələri olmayacaq. Manatın dəyərdən düşməsi bir müddət çörəkçiləri təzyiq altında saxladı. Amma onlar da bir istehlakçı kimi bazara üz tutur. Suyun, elektrik enerjisinin son zamanlar qiymətinin artması da bu sahəyə təsir etdi. Ümumilikdə respublikadakı vəziyyət çörəyin qiymətinin artmasını şərtləndirdi”.