Dələduz əməkdar müəllimin - Apellyasiya şikayəti təmin edilməyib

  • By admin
  • 22 May 2018 15:01

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Nuriyyə Fərhad qızı Ağayeva barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info “Ölkə.Az”-a istinadən xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən sonuncu prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Ağayevanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, ittihama aktına əsasən, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib.

Belə ki, N.Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında R.Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyi vədini verib. Lakin N.Ağayeva qeyd edilən məbləği alsa da, vədinə əməl etməyib.

Bundan başqa, N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.

N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Ağayevanın əməli qanunda edilən dəyişikliyə görə 178.2.2-ci (xeyli miqdarda dələduzluq) maddəsinə tövsif edilib və N.Ağayeva 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum qadın və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, filologiya elmləri namizədi olan N.Ağayeva 2000-ci il martın 18-də  “Əməkdar müəllim” adına layiq görülüb. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.