Dəm qazı can almaqda davam edir - Bəs, cavabdeh orqanın - "Azəriqaz"ın "qazı"nı alan tapılacaqmı?

  • By admin
  • 19 Dekabr 2016 14:53

demqazi

Son günlər havaların kəskin soyuması səbəbindən istər Bakı şəhərində, istərsə də respublikamızın ayrı-ayrı bölgələrində əhalinin təbii qaza və istiliyə olan tələbatı xeyli artıb.

Amma məlum olduğu kimi “Azərisitliktəchizat” ASC tərəfindən çox cüzi miqdarda bina istiliklə təchiz edildiyindən “mavi yanacaq”dan istifadə edənlərin sayı həddən artıq çoxdur. Xüsusilə də qış axşamları şaxtalı-ayazlı keçdiyindən bütün gecə boyunca təbii qazdan istifadə edənlərin sayı durmadan artır. Bütün bunlar da son günlərdə obyektiv və subyektiv səbəblər üzündən dəm qazından zəhərlənmələrin sayının artmasında mühüm “rol” oynamaqdadır. Hətta, sözügedən bədbəxt hadisələrin qurbanlarının da sayı günbəgün artır.

Bəzi vətəndaşlar və abonentlər isə zəhərlənmələrin sayının artmasını təbii qazın zəhərli olması ilə əlaqələndirirlər. Bəs, görəsən bu hal nə vaxtadək davam edəcək?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəlayev isə Gununsesi.info-ya bildirib ki, hazırda bununla bağlı həm aidiyyati qurumlar, həm də “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən mənzillərə texniki baxış keçirilir.

“O cümlədən kütləvi informasiya vasitələrində, əhalinin sıx olduğu yerlərdə, mənzilərə ilkin qazın verlişi zamanı insanlar arasında maarifləndirmə işləri aparılır, müvafiq təlimatlar verilir, qazdan istifadə qaydarını əks etdirən bukletlərin paylanılır. Buna baxmayaraq bəzən qış aylarında dəm qazından zəhərlənmə halları baş verir. Ona görə də vanna otağında (hamamda) təbii qazla işləyən su qızdırıcısı quraşdırarkən müəyyən olunmuş qaydalara əməl edilməlidir. Belə ki, vaana otağının hüdürlüyü 2 metr 20 sm-dən az olmamalı, qapı çölə açılmalı və qapının aşağı hissəsində dəliklər olmalıdır. Ən əsası isə tüstü bacası və havalandırma sistemi daim işlək vəziyyətdə olmalıdır. Tüstü bacası ən azı istehlakçı tərəfindən ildə iki dəfə təmizlənməlidir. İstehlakçılar deyilənlərə əməl etsələr, o zaman bu cür bədbəxt hadisələr də baş verməz. Bir sözlə, qış mövsümündə təbii qaza olan tələbatı nəzərə alaraq əhali qazadan istifadə qaydalarına ciddi şəkildə riayət etməlidir. Qeyd edirəm ki, qazın tərkibində heç bir dəyişiklik yoxdur” – deyə, İ. Kəlbalayev sözlərinə əlavə edib.

Dəm qazından zəhərlənmə zamanı ilkin yardım necə göstərilməlidir?

Gununsesi.info xəbər verir ki, dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:

– zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);

– əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;

– ona yarıoturaq (!) vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);

– zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;

– əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (bax, “Ürəyin xarici masajı” və “Süni tənəffüs”).

Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal “təcili yardım” çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda “təcili yardım” çağırışını ləğv etməyin!

Anar

Gununsesi.info