“DəmirBank”ın əmanətçilərinə kompensasiya ödənilib

  • By admin
  • 17 Fevral 2018 13:24

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsini davam edir və 17 fevral 2018-ci il tarixinə əmanətçilərə nağdsız qaydada 38 mln. manatdan artıq kompensasiya ödəyib.

Fonddan Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır. Kompensasiyaların ödənilməsi prosesi 1 fevral tarixindən başlanılıb və qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər”, – deyə məlumatda vurğulanıb.