Daha bir deputat turistlərdən danışdı: "Onların kimliyi, geyimi üzərindən müzakirələr qəbuledilməzdir"

  • By admin
  • 29 İyul 2016 21:00

qanira

 

“Ölkəmizdə son günlər sayları artan turistlərin milli kimliyindən tutmuş geyiminə qədər bir sıra məsələlərlə bağlı sosial mediada bəzi insanların mənfi çalarlı müzakirə və yanaşmalarını üzüntü ilə izləyirik.Bizim üçün turizmin inkişafı çox vacib və önəmlidir. Ona görə də ölkəmizə gələn turistlərin sayının atması bizim hamımızı sevindirməlidir və turistlərə xalqımıza yaraşan şəkildə rəftar da hamımızın borcudur. 1 turistin məmun ayrılması 7 potensial turist deməkdir məntiqi ilə yanaşsaq biz hər birimiz turistlərə yaxşı münasibət göstərməliyik”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili  Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, hər bir turist gəldiyi ölkədə pul xərcləyir və həmin vəsait ölkənin inkişafına xidmət edir. O, deyib ki, turistlərin milli,dini kimliyi,geyimi üzərindən müzakirələrsə bütün əxlaq norma və anlayışları ilə qəbuledilməzdir. Millət vəkilinin dediyinə görə, onlar bizim ölkəyə heç bir zərər vermirlər,xeyir verirlər:

“Ölkəmizlə bağlı formalaşacaq təssüratlarının isə müsbət olması bizim üçün çox önəmlidir. Bir ölkə, onun tarixi, mədəniyyəti və xalqı ilə bağlı məlumatların yayılmasında turizm ən önəli faktorlardan biridir. Ona görə də ölkəmizə gəlmiş bütün turistlərə qarşı mehriban,səmimi,gülərüz və diqqətli olmalıyıq. Rəngindən, geyimindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq. Turistlərin Azərbaycana son günlər gəlişinin daha da artmasının səbəblərini axtaranlar üçün isə demək istəyirəm ki ölkəmizin bölgədə ən sabit və təhlükəsiz ölkələrdən olması, vizaların verilməsi prosesində həyata keçirilən islahatlar, turizm üçün infrastruktur və imkanların artması, ölkəmizin xaricdə getdikcə daha da geniş tanınması kimi bir çox səbəblər turistlərin gəlişinin artmasına təkan verən səbəblərdəndir və inşallah daha da artacaq turistlərin sayı. Bunun üçün isə biz hamımız, bütün qurum və insanlarımız səylərimizi daha da artırmalıyıq. Turizmin inkişafı həqiqətlərimizin də daha geniş yayılmasına xidmət edəcək”.

Gununsesi.info