2026-cı il dünya çempionatının final oyununu idarə edəcəyi bildirilən sloveniyalı hakim Slavko Vinçiç yenidən beynəlxalq medianın diqqət mərkəzinə düşüb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Vinçiçin adı 2020-ci ildə Bosniya və Herseqovinada keçirilən polis əməliyyatı zamanı gündəmə gəlmişdi.
Məlumata görə, hüquq-mühafizə orqanları həmin vaxt fahişəlik və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr əsasında təşkil edilən məclisə reyd keçirib. Əməliyyat zamanı müxtəlif silahlar, narkotik maddələr və böyük məbləğdə pul aşkar edildiyi bildirilirdi.
Slavko Vinçiç həmin tədbirdə iştirak edən şəxslər arasında olub. Lakin o, sonradan həmin məkana təsadüfən düşdüyünü bildirib və istintaq çərçivəsində yalnız şahid qismində dindirilib. Hakimə qarşı hər hansı ittiham irəli sürülməyib və o, məsuliyyətə cəlb olunmayıb.
Qeyd edək ki, Vinçiç son illərdə UEFA və FIFA-nın ən etibarlı hakimlərindən biri hesab olunur. O, UEFA Çempionlar Liqasının finalını, Avropa çempionatının vacib oyunlarını və bir sıra nüfuzlu beynəlxalq qarşılaşmaları idarə edib.
44 yaşlı sloveniyalı referi 2010-cu ildən FIFA hakimi statusuna malikdir. O, Avropanın ən yüksək reytinqli hakimlərindən biri sayılır və qərarvermə bacarığı ilə seçilir.
Bununla belə, 2020-ci ildə yaşanan hadisə hər dəfə Vinçiç böyük turnirlərə təyinat aldıqda yenidən müzakirə mövzusuna çevrilir.





