Deputat məktəblərin qapadılmasına qarşı çıxdı: “Tələsik qərara ehtiyac yoxdur!”

  • By admin
  • 11 Fevral 2022 09:37

“Son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Buna paralel olaraq orta və ali məktəblərdə ənənəvi təhsilin dayandırılması ilə bağlı çağırışların artdığının şahidi oluruq. Vəziyyət həqiqətən mürəkkəbdir. Ancaq hesab edirəm hazırkı dövrdə ənənəvi təhsildən məsafədən təhsilə keçid təhsilimiz üçün müəyyən çətinliklər yaradacaq”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, çoxlarının düşündüyü kimi, ənənəvi təhsildən məsafədən təhsilə keçid asan məsələ deyil:

“Onsuz da dərslərin sentyabr ayının ortasından deyil, sonundan başlaması proqramın tam mənimsənilməsi üçün bir sıra çətinliklər yaratdı. Birinci semestrdə dərsi olan müəllimlər bu problemi açıq yaşadılar. Əlavə olaraq nəzərə alsaq ki, bu gün internet və avadanlıqlarla bağlı problemlər bir sıra bölgələrdə hələ də qalmaqdadır, məsələnin nə qədər ciddi olduğunu anlamış olarıq”.
Deputat qeyd edib ki, digər bir mühüm məsələ distant təhsilin ənənəvi təhsili əvəz edə bilməməsidir:

“Onsuz da ötən il məsafədən təhsil təhsilimizin keyfiyyətinə çox ciddi təsir etdi. Onsuz da orta və ali təhsil müəssisələrimiz həmin dövrün acı nəticələrini bu gün yaşamaqdadır. Ona görə hesab edirəm tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur. Virusdan kütləvi yoluxmalara gəlincə təhlillər göstərir ki, burada gigiyenik qaydalara, maskadan istifadəyə tam əməl edilməməsi bir sıra hallarda virusun daha sürətlə yayılmasına təsir edən amillərdəndir. Ona görə hər kəs çalışmalıdır ki, müəyyənləşdirilmiş qaydalara əməl, gücləndirilmiş 3-cü əlavə dozanı qəbul etsin”.

C.Məmmədov vurğulayıb ki, növbəti illərdə bizi hansı sürprizlərin gözlədiyini bilmədiyimiz üçün distant təhsilin hüquqi bazasının gücləndirilməsi, bu təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində səylərimizi gücləndirməliyik:
“Artıq bir sıra ölkələr məsafədən təhsilin araşdırılması və tətbiqinin təkmilləşdirilməsi üçün sırf distant təhsil verən təhsil müəssisələrinin yaradılması ideyaları üzərində sıx işləyirlər. Hesab edirəm ki, bu barədə ciddi düşünməyə ehtiyac var. Yuxarıda qeyd etdiyimi kimi irəlidə hansı yeni pandemiya növləri ilə üz-üzə qalacağımız hələ bilinmir. Prosesləri qabaqlamaq üçün bu istiqamətdə indidən düşünməyə və istiqamətdə işlərin sürətləndirilməsinə ciddi ehtiyac var. Sonda hər kəsə sağlam olmağı arzulayıram”.

Gununsesi.info