Deputatlar turizm sahəsindəki monopolyadan DANIŞDI

  • Müəllif: admin
  • 10 Aprel 2018 13:58

Prezident İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  turizm sektorundakı nöqsanlar barədə ciddi etirazını dilə gətirərək kəskin tənqidi fikirlər səsləndirib. Prezident ölkəyə gələn turistlərin sərhəd-keçid məntəqlərində necə incidildiyini dilə gətirib. Ölkə başçısının turizm sahəsindəki çatışmazlıqlarla bağlı dediklərinə millət vəkillərinin mövqeyini öyrəndik.

Millət vəkili Fazil Mustafa Gununsesi.info-ya açıqlamasında turizm sahəsindəki ən ciddi problemin monopolistlər  tərəfindən yaradıldığını  bildirib.

“Əgər biz həqiqətən də turizm sahəsində ciddi inkişafa  nail olmaq istəyiriksə, o zaman bu sahədə mövcud olan monopoliya aradan  qaldırılmalıdır. Digər sahələrdə olduğu kimi turizm sektorunda da monopoliya hökm sürəcəksə və bu aradan qaldırılmayacaqsa, onda turizm sektorunda ciddi inkişaf mümkün olmayacaq. Çünki monopolistlərin istər otel, istər ölkəyə giriş-çıxış, istərsə də nəqliyyat və digər  sahələrə təsir imkanları genişdir. Turizm  elə bir sahədir ki, burada bütün yükü 4-5 nəfər  üzərinə götürüb həll edə bilməz”,- deyə millət vəkili vurğulayıb.

Deputat hesab edir ki, turizm sektorunun inkişafında bütün ölkə əhalisi iştirak etməlidir: “Bu  olmazsa, ümumilikdə turizmin inkişafından danışmağa dəyməz. Ölkəyə  gələn turistlərin heç də hamısı imkanlı şəxslər deyil. Axı imkanı zəif olan şəxs də Azərbaycana gəlmək istəyir. Həmin şəxs bahalı oteldə deyil, ona münasib olan ucuz  hosteldə və ya  evlərdə qalmaq arzusundadır. Bunlara da şərait yaratmaq, bu məsələdə  bütün amilləri nəzərə almaq lazımdır. İmkanlı şəxslə yanaşı, imkansız  şəxsin də istirahəti üçün bütün imkanlar yaradılmalıdır. Ona görə də hamıya imkan yaradılmalıdır  ki, prosesdə hamı itirak edə bilsin. Bax, monopolistlər bunu əngəlləyir. Problemin kökündə qaynaqlanan məsələ budur”.

Xidmət sektorundakı çatışmazlıqlardan danışan F.Mustafa deyib ki, burada digər məqam isə xidmətlə bağlı olan məsələdir.

“Xidmətin səviyyəsinin, keyfiyyətinin  yaxşılaşdırılması vacibdir. Xidmət səviyyəsi yüksək olarsa, ölkəyə turist axını olacaq. Xidmət sahəsində və turistlərə yaradılan digər maneələr aradan qaldırılmazsa, o zaman  turizmin inkişafı mümkün olmaycaq”,- deyə F.Mustafa  vurğulayıb.

F.Mustafa hesab edir ki, bütün bunlarla bağlı geniş maarifləndirmə işləri aparılmalıdır: “Biz ölkəni neft asılılığından xilas etmək istəyirksə, o zaman turizmin inkişafına nail olmalıyıq. Bu prosesdə hamımız iştirak etməliyik. Yəni burada iş təkcə aeroport, dəmiryolu, sərhədlə bitmir, bu kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. O baxımdan ölkə başçısının bu sahə ilə bağlı səsləndirdiyi tənqidi ifadələr də yerində  olan iraddır ki, həmin iradlar da aradan qaldırılmalıdır”.

Deputat Tahir Rzayev isə bildirib ki, son illərdə Azərbaycanda turizmin inkişafı üçün çox işlər görülüb, infrastruktur yaradılıb.

“Bunun nəticəsidir ki, son illərdə ölkəyə turstlərin gəlişində ciddi artım hiss olunmaqdadır.  Lakin bununla belə turizm sahəsində hələ də çatışmazlıqlar mövcuddur və ölkə başçısı da  Nazirlər Kabinetinin iclasında bu çatışmazlıqları haqlı olaraq dilə gətirib”- deyə, deputat vurğulayıb.

T.Rzayev hesab edir ki, Azərbaycanda turizmin uğurla inkişafı üçün daha ciddi işlər görmək lazımdır: “Ölkədə turizmin növləri təsnifatlaşdırılmalı və reklamı həyata keçirilməlidir.  Turistlərə Azərbaycanda  turizmin çoxçeşidli olması barədə geniş bilgi verilməlidir ki, daha çox  turist cəlb etmək mümkün olsun.  Çünki  Azərbaycanda yay, qış, dağ, eko, tibbi, tarixi və digər turizm sahələri üçün böyük potensial var və bundan yararlanmaq  lazımdır. Əgər bu sahədə işlər düzgün qurularsa,  o zaman turizm  Azərbaycanın bir neçə regionunu deyil, bütün respublikanı əhatə edəcək. Lakin  bu sahədə rekalam zəif olduğundan və iş düzgün qurulmadığından  ölkəyə gələn turistlər  daha mənalı istirahət edə bilmir.  Baxmayaraq ki, Azərbaycanın çox gözəl tarixi, dağ, yay, ekstremal, eko turizm üçün böyük potensial var. Amma biz bunu turistlərin diqqətinə çatdıra bilmirik. Bu sahədə işlər düzgün qurularsa, ölkəyə turistlərin axını daha çox olar. Bu  istiqamətdəki çatışmazlıqları ölkəyə gələn turistlərin sayına da öz mənfi təsirini göstərir.

Burada digər məqam isə xidmətlə bağlı olan məsələdir. Turistlərin qarşılanması, onların yerləşdirilməsi, onlarla yüksək keyfiyyətli, mədəni xidmət göstərilməsi də vacib məsələlərdir. Bu məsələlərdə öz həllini tapmalıdır və çatışmazlqlar aradan qaldırılmalıdır”.

O əlavə edib ki, bu gün Azərbaycandan xeyli insan Gürcüstana  turist kimi istirahətə gedir. “Lakin Azərbaycan təbiəti ondan geniş və gözəldir. Səbəb isə bu sahədəki çatışmazlıqlar, reklam işinin düzgün qurulmaması və xidmətinin yüksək səviyyədə olmamasıdır. Problem olduğundan ölkə baççısı da bu sahədə olan nöqsanları hər dəfə dilə gətirir və  çatışmazlıqların aradan qaldırılmasını tələb edir. Hesab edirəm ki, bu çatışmazlıqlar qısa zamanda aradan qaldırılmalıdır”,- deyə deputat  bildirib.

 

Mürtəza

Gununsesi.info