Dilini kəsən məhkumun atası İlham Əliyevə şikayət edib

  • Müəllif: admin
  • 26 Dekabr 2016 15:56

sikayetci

İmişli rayon sakini, təqaüddə olan müəllim, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq yaşayan  Natiq Cabbarlının  atası Vaqif Cəbrayıl oğlu Cabbarlı prezident İlham Əliyevə, millət vəkili, ölkənin I Xanımı Mehriban Əliyevaya, ədliyyə nazirinə,  Baş rokurora, Penitensiar Xidmətin Rəisinə və  Ombudsmana  sözügedən müəssisənin rəis müavini Elçin Əlicanov, eləcə də  əməliyyatçılar Cavid Əliyev və Ramin Bilimovdan şikayət edib.

Bu haqda Gununsesi.info-ya məlumat verən Vaqif Cabbarlı bildirib ki,  şikayətçi olduğu şəxslərlər  oğlu N.Cabbarlıya son 3-4 ayda   amansız işgəncələr veriblər. V.Cabbarlı şikayət ərizəsində yazıb ki  E.Əlicanov, C.Əliyev və R.Bilimov onun oğlu N.Cabbarlını cəzasini çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsində işgəncələrə məruz qoyublar: “Oğlumu E.Əlicanov, C.Əliyev və R.Bilimov  10 saat başıaşağı ayaqlarından aslı vəziyyətdə saxlayıblar. Səbəbi də budur ki,  oğlumdan pul, rüşvət istəyiblər. Şərəfli müəllim yolu keçmişəm, hazırda mən də,  anası Həqiqət Cəfərli də  təqaüdçüyük.  Aldığımız pulu ərzaqa verib oğlumuza aparırıq.  Bu türmə qoçuları isə  bunun müqabilində oğlumdan rüşvət tələb edirlər.  Deyirlər ki, ya bizə pul verməlisən, ya da ölməlisən.  Artıq  oğlum işgəncələrə dözmür.  N.Cabbarlı Azadlıqdan məhrum edilib,  yaşamaq hüququndan yox.  O, işgəncələrə dözə bilmir, dəfələrlə həyatına qəsd edib. Məhkuma  verilən cəzanın məqsədi  axı məhkuma cismani cəza vermək deyil, qanunlara  hörmət etmək ruhnda tərbiyə etməkdir.  Əgər qanunun keşiyində  duranlar  qanuna belə hörmət edirlərsə,  deməli, Azərbaycanın  dövlətçiliyinə zərbə vururlar. Cənab  prezidentimiz  dəfələrlə   rüşvətxorluğa, cinayətkarlığa, məmur özbaşınalığına  qarşı  çıxışlar edib,  sərt təpkilər verib.  Dəfələrlə dövlət orqanlarında  işləyən, özlərini vəzifənin Allahı sayan, vəzifə səlahiyyətlərini aşaraq ağır cinayətlərdə iştirak edənlər öz layiqli cəzalarını alıblar.  Əminəm ki, vəzifə səlahiyyətlərini aşaraq, onda sui-istifadə edərək,  oğlumu özünü öldürməyə  və qaldığı işgəncələrə etiraz olaraq dilini kəsməyə təhrik edən bu şəxslər öz layiqli cəzalarını alacaqlar”.

Qeyd edək ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkum həyatı yaşayan Natiq Vaqif oğlu Cabbarlı ona verilən fiziki və mənəvi işgəncələrə etiraz olaraq iki dəfə intihar edib. Sonuncu dəfə isə etirazını dilini kəsməklə bildirib. Hazırda N.Cabbarlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur.

Gülnaz Qənbərli

Gununsesi.info