Dini təbliğat məsələsində daha aktiv olmalıyıq - KOMİTƏ SƏDRİ

  • By admin
  • 25 Noyabr 2016 12:11

siyavus

“Azərbaycanda baxmayaraq ki, din dövlətdən ayrıdır, dövlət və din həmişə bir yerdə olub”.

Gununsesi.info məlumat verir ki, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Milli mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda jurnalistlər üçün iki həftəlik seminarın açılışında bildirib.
S. Novruzov deyib ki, Azərbaycanda bütün dinlərə bərabər şəkildə dəstək göstərilib və göstərilir.

Onun sözlərinə görə, vaxtilə başqa ölkələrə demokratiya və digər adlar altında təsir göstərməyə çalışanlar indi də din pərdəsi altında təsir göstərməyə çalışırlar: “Ona görə də jurnalistlər bu məsələdən yazan zaman hər şeyi ölçüb-biçib, yazmalıdır. Ayrı-ayrı dövlətlərin oturub bizi izləyən qurumları var. Nəsə olanda tez götürüb bir bəyanat verirlər, Azərbaycana təzyiq etməyə çalışırlar. Ona görə də biz onların əlinə bu imkanı verməli deyilik. Dini təbliğat məsələsində daha aktiv olmalıyıq. Bəzi insanlar gedib xaricdə qanunsuz silahlı qruplaşmalara qoşulur. Bizim burada torpaqlarımız işğal altında ola-ola onlar gedib xaricdə qanunsuz silahlı birləşmələrə qatılır. Amma nəyin uğrunda, heç özləri də bilmir. Biz mətbuatla birgə təbliğat işləri aparmaqla bu halların qarşısını almalıyıq”.

Gununsesi.info