Dövlət başçısı məmurlara: “Çatışmayan cəhətləri üzə çıxarmalısınız”

  • By admin
  • 12 Noyabr 2019 17:48

“Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz”.

 

Gununsesi.org xəbər verir ki, bunu yeni təyinat alan icra başçıları ilə görüşdə ölkə başçısı İlham Əliyev deyib. O,  icra başçılarına ciddi tapşırıqlar verib: “O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz. Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.