Elman Nəsirov: “Qadının maaşı kişininkindən çox olanda ailə dağılır”

  • By admin
  • 23 Dekabr 2021 21:23

“Ailələrdə yaranan problemlərə, boşanmalara təsir edən əsas səbəblərdən biri də sosial şəbəkədir”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa “Azərbaycanda mövcud ailə münasibətləri” ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, qapalı mühitdən çıxan şəxslər açıq platformalarda fikirlərini ifadə etməkdə çətinlik çəkirlər: “Amma bu, sosial şəbəkənin günahı deyil. Biz sosial şəbəkədə mədəniləşmə amilini inkişaf etdirə bilmədik. Sosial şəbəkədə dedi-qodu ilə məşğul olan insanların sayı çoxalıb. Bu sahədə texnologiyanın imkanlarını məhv etmişik”.

Maraqlıdır, müasir Aazərbaycan ailəsinin dağılmasında başqa hansı faktorlar var?

Deputat Elman Nəsirov mövzu ilə bağlı fikirlərini bölüşüb.

O, Cebhe.info-ya açıqlamasında bildirib ki, ailələrin dağılmasını konkret bir səbəblə əlaqələndirib, cavab tapmaq düzgün olmaz: “Burada bir neçə faktor var. Fikir versəniz, görərsiniz ki, hansı ailələrdəki qadınlar daha çox maaş alır, gəlirləri var, həmin ailələrin dağılması ehtimalı daha çox olur. Müşahidələrim bunu göstərir”.

Milli Məclisin üzvü bildirib ki, yaxud da ailədə tək qadın işləyir, kişi işləmirsə, bu kimi problemlər yaranır:

“Belə olan vəziyyətdə ailələrdə diskomfort olur. Kişi özündə natamamlıq kompleksi hiss edir. Bundan başqa, ailələrin dağılmasında həmçinin iqtisadi amillərin rolu da var. Dolanışıqda problemlər yarananda gənc ailələr səbirsizlik nümayiş etdirir, elə hesab edirlər ki, hər şey dərhal yaxşı, ən yüksək səviyyədə olmalıdır. Bilmirlər ki, istənilən çətinlik müvəqqətidir”.

Deputat bildirib ki, sosial şəbəkələrin də ailələrin dağılmasında özünməxsus rolu var:

“Çünki sözügedən platforma qanunların olmadığı, anarxiyanın hökm sürdüyü məkandır. Sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsidir. Orada heç bir hüquqi tənzimləmə yoxdur. Kim istəsə kimisə təhqir edə, şərəf və ləyaqətini alçalda, həmçinin də işgüzar nüfuzuna xələl gətirə, bunun üçün heç bir cəza almaya da bilər”.

Parlament üzvü hesab edir ki, Qərb filmlərində ailə məsələlərinə səthi yanaşma, dədə-babalardan gələn əxlaqa zidd olan həyat tərzinin təbligi var:

“Təbii ki, bunu bizim dövlət və özəl kanallarda etmək mümkün deyil və buna nəzarət var. Amma dünyamız internet dünyasıdır. “Qadağan olunmuş meyvə şirin olar” deyimindən çıxış etsək, deyə bilərik ki, əcnəbi dəyərlər zorla ictimai əxlaqa dürtülür. Bunu dürtmək istəyənlər var. Buna mənəvi təhlükəsizlik məsələləri deyilir. Bu kimi şeylər bir çox hallarda məqsədyönlü şəkildə həyata keçirilir. Xüsusən gənclərin əxlaq və düşüncəsində problemlər, boşluqların olması üçün edirlər. Bu da nəticə etibarilə ailələrin dağılmasına səbəb olan amillərə çevrilə bilir”.

Gununsesi.info