
Martın 2-də “Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 12-ci ildönümü anılıb. Gununsesi.info-nun xəbərinə görə, anım mərasimində mərhumun yaxınları, KİV nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun aparıcılığı ilə keçən tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, “Turan” agentliyinin baş redaktoru Mehman Əliyev, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, jurnalist Xədicə İsmayıl, AĞ partiyanın sədri Tural Abbaslı, video-bloger Mehman Hüseynov və digərləri çıxış ediblər. Çıxışçılar 12 il keçməsinə baxmayaraq hələ də qətlin üstünün açılmadığını, istintaq işinin aparılmadığını vurğulayıblar.
Şahbaz Xuduoğlu çıxışında qətlin baş verdiyi günü xatırladıb. Çıxış edənlər qeyd ediblər ki, nə qədər ki, Elmar kimi sözünü deməyə, yazmağa cəsarəti, gücü çatan insanlar var, mübarizə davam edəcəkdir.
Anım mərasimində ölkədə müstəqil mətbuatın və vətəndaş cəmiyyətinin hələ də basqılara məruz qaldığı qeyd edildi. Sonda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun anım mərasimində iştirak edənlərin adından bəyanat oxunub.
Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də gecə saatlarında yaşadığı mənzilin önündə güllələnərək, qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib.
Jurnalistin həyat yoldaşı və azyaşlı oğlu ölümündən sonra Norveçə mühacirət ediblər.

Gülnaz Qənbərli
Gununsesi.info









