Elxan Şahinoğlu: “Qarabağın erməni icmasıyla danışıqlar başlamalıdır” - ŞƏRH

  • By admin
  • 27 May 2016 12:23

 Elxan Shahinoglu

“Əgər separatçıların rəhbərləri icma nümayəndələrinə dialoqa qadağa qoysalar, müzakirələrdən çəkinən tərəfin kim olacağı bir daha aşkarlanacaq

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan yeni açıqlamasında deyib ki, Dağlıq Qarabağın “təmsilçilərinin” iştirakı olmadan heç bir sənədə imza atmayacaqlar. Bu ermənilərin çoxdankı təxribatıdır. Sanki torpaqları işğal altında saxlayan Ermənistan yox, Dağlıq Qarabağın azsaylı “təmsilçiləridir”.

Gununsesi.info xəbər verir ki,bu fikirləri öz facebook səhifəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu yazıb.

Onun fikrincə, Ermənistan beynəlxalq aləmə münaqişənin Azərbaycanla Dağlıq Qarabağda yaşayan ermənilər arasında olduğunu sırımağa çalışır: “Halbuki, bütün dünya, hətta müttəfiqləri Rusiya yaxşı bilir ki, Dağlıq Qarabağda Ermənistan qoşunu yerləşir. Ona görə də məntiqi olaraq biz, Dağlıq Qarabağ separatçıları ilə deyil, onlara hərbi dəstək verən, işğal altındakı torpaqlarımızda qoşunlarını yerləşdirən Ermənistanda müzakirə aparmaq məcburiyyətindəyik”.

Siyasi şərhçi düşünür ki, Dağlıq Qarabağ Azərbaycan icmasının rəhbərliyi indiki həssas – dünyanın gözünün Dağlıq Qarabağ dikildiyi məqamda erməni icması ilə dialoqa hazır olduğu mesajını verməlidir: “Bu bizə iki baxımdan vacibdir. Birincisi, bütün dünya görər ki, biz ərazimizdə yaşayan ermənilərlə dialoqdan çəkinmirik, ancaq onlarla dialoqu dövlət institutları yox, indiki mərhələdə Dağlıq Qarabağdan qovulan azərbaycanlılar aparmalıdırlar. Axı münaqişə nizamlanarsa, Dağlıq Qarabağdakı ermənilərlə azərbaycanlılar birgə yaşamalıdırlar. Qoy, elə indidən aktiv dialoqa başlasınlar ki, gələcək birgə həyatın konturlarını müəyyənləşdirsinlər. İkincisi, Dağlıq Qarabağın azərbaycanlı təmsilçiləri dialoq təklifi göstərər ki, biz bu bölgədə yaşayan erməniləri öz vətəndaşımız sayırıq. Dialoq təklifi gündəmə gətirməyin zamanıdır. Yox, əgər separatçıların rəhbərləri icma nümayəndələrinə dialoqa qadağa qoysalar, müzakirələrdən çəkinən tərəfin kim olacağı bir daha aşkarlanacaq. Beynəlxalq aləmin gözü qarşısında dialoqdan yayınma həm də onu göstərəcək ki, erməni separatçıları azərbaycanlıların geri qayıdışına mənfi yanaşırlar. Ona görə də bu təklifi Minsk Qrupunun gündəminə gətirmək lazımdır. Dialoq olarsa, mesajlarımızı birbaşa Dağlıq Qarabağ ermənilərinə çatdıra bilərik. Aydındır ki, hər iki tərəf öz mövqeyindən geri çəkilməyəcək. Ancaq növbəti hərbi toqquşmadan öncə Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, bizim mülki insanlarla problemimiz yoxdur və onların həyatlarını rahat davam etdirmələri üçün konkret təkliflərimiz var. Yeri gəlmişkən, həmin konkret təkliflərin üzərində də müəyyən çalışmalar aparıla bilər. Bu təkliflərdə Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin iqtisadi və sosial problemlərinin həllindən tutmuş torpaqların becərilməsinə qədər qeyri-siyasi məsələlər müzakirə oluna bilər”.

Gununsesi.info