“Formula 1”də “Bakı sindromu” davam edəcək

  • By admin
  • 11 May 2022 13:42

“Formula 1” Azərbaycan Qran Prisinə hazırlıqlar davam edir. Əsas irimiqyaslı tikinti-quraşdırma işləri yollarda yeni asfalt qatın döşənməsi ilə əlaqədar idi ki, bu da yarışın birinci ili, yəni 2016-cı ildə icra olunub. Ona görə də növbəti illərdə buna ehtiyac qalmayıb və hazırda daha kiçikmiqyaslı işlər görülür. Hazırda həm bulvar ərazisində, həm də digər ərazilərdə tribunalar quraşdırılır və poddak ərazisində bütün bu montaj işləri davam edir. Tikinti və quraşdırma işləri yarışa bir neçə gün qalmış bitəcək. Bundan sonra isə Beynəlxalq Avtomobil Federasiyası treki bizdən təhvil alacaq. 

Bunu Publika.az-a açıqlamasında “Formula 1” Azərbaycan Qran Prisi-2022 yarışının mətbuat katibi Turab Teymurov deyib.

Qurum rəsmisinin sözlərinə görə, çox sevindirici haldır ki, “Formula 1” azarkeşləri bu il çox fəaldırlar: “Bunun da səbəbləri var. Belə ki, 2020-ci ildə pandemiya səbəbindən yarış keçirilməyib, 2021-ci ildə isə yarış izləyicisiz keçirilib. Bu kimi səbəblərlə yanaşı, Azərbaycan Qran Prisinə marağın digər səbəbi də bizim yarışların hər dəfə öz fərqliliyi ilə seçilməsidir. Trekimizin konfiqurasiyasında Qoşa Qala qapısının yanındakı 8, 9, 10-cu döngələr “Formula1”də ən dar döngələrdir. Həmçinin düz zona var ki, orada pilotlar ən maksimal sürəti yığa bilirlər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bizim trekdəki yarışlar müxtəlifliyinə görə seçilir. Bu yaxınlarda “Mercedes” komandasının pilotu Luis Hamilton da özünəməxsus tərzdə bizim trek barədə fikirlərini bildirib. Pilotlar üçün Bakı treki çox çətin, çətin olduğu üçün də həyəcanlıdır. Fikir versək görərik ki, bizdə hər il fərqli pilot qalib gəlir. Azərbaycan Qran Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Buna “Bakı sindromu” adı verilib və fikrimcə, bu sindrom bu il də davam edəcək”.

T.Teymurov vurğulayıb ki, yarışlara biletlərin 60 faiz alıcısı xarici ölkələrdən, 40 faizi Azərbaycandandır: “İlk üçlükdə Böyük Britaniya, ABŞ və Azərbaycan, ilk onluqda isə Skandinaviya ölkələri, Niderland, İspaniya, Fransadan olan azarkeşlərdir”.

Gununsesi.info