Fuad Poladov haqqında gecikmiş yazı Və yaxud böyük teatrların böyük problemləri

  • By admin
  • 31 Oktyabr 2016 16:14

leman

Bizim Azdrama günü gündən Moskvanın Bolşoy (Böyük) Teatrına oxşayır. Bolşoy  Teatrda gedən “bolşoy” oyunlar bir ara  dünyanın belə diqqətini özünə çəkə bilmişdi. Yəqin yadınıza düşər, Bolşoy Teatrın balet truppasının  bədii rəhbəri Sergey Filinin başına gələnlər. Unudanların yadına sala bilərəm. Deməli,  2013-cü ilin soyuq yanvar axşamında yaşadığı binanın yanında  Filinin çiyninə kimsə  ehmalca toxunur. Filin arxaya çevrilincə  onun üzünə kislota atıb qaçırlar. Sergey Filin üz və göz nahiyəsinin ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılır. Hüquq mühafizə orqanları dərhal  araşdırmalara başlayırlar. Yanvarın 17-si baş vermiş hadisənin günahkarları yalnız martın 7-sində aşkarlanır.  Məlum olur ki, kislotanı bədii rəhbərin üzünə atan teatrın aparıcı  solisti Pavel Dimitriçenkodur.Dindirilmə zamanı Pavel Dimitriçenkonun qəzəbi bəlli olur. Bədii rəhbər ona baş rol verməyib, teatrda ayrıseçkilik yaradıb, intriqalara yol açıb  və s. Maraqlıdır ki, o vaxt  Bolşoy Teatrın balet truppasının kollektivi ölkə rəhbərliyinə müraciət edərək təkcə Filinin yox, həm də  Dimitriçenkonun taleyindən narahat olduqlarını dilə gətirmiş, məsələnin obyektiv araşdırılmasını istəmişdilər. Hətta raqqaslar öz aralarında pul yığıb Dimitriçenko üçün vəkil də tutmuşdular. Onların ölkə rəhbərliyinə müraciətində deyilirdi ki, söhbət təkcə  iki məşhur artistin taleyindən yox, həm də dünyanın ən yaxşı teatrlarından birindən,  Rusiyanın mədəniyyət beşiyindən gedir.

27 yaşlı Dimitriçenkoya 6 il iş verirlər,  Sergey Filin  isə Almaniyada azı 18 dəfə əməliyyat keçirir. Bu  Moskvanın Bolşoy Teatrının tarixində ən biabırçı hadisə kimi qiymətləndirilir. Hərçənd ona qədər də Bolşoy Teatrın adı müxtəlif qalmaqallarda hallandırılmış və səbəb kimi də teatr rəhbərliyinin intriqalara meylli olduğu önə çəkilmişdi.

fuad_poladov

Şükür, bizim  Azdramada heç kim heç kimin üzünü-gözünü kislotaya bulaşdırmayıb. Amma Azdrama çoxdan kislota iyi verir. Zaman-zaman bu teatrın da səhnəsində müxtəlif oyunlar oynanılıb. Komediya janrında da, faciə janrında da. Sözün əsl mənasında Milli Dram Teatrı  intriqa yuvasını xatırladıb. Xüsusilə İsrafil israfilov baş direktor olanda. Onun direktor işlədiyi bir neçə ildə Teatrdan azı 20 nəfər çıxıb gedib deyir aktyorlar. İllərin səhnə dostları onun vaxtında biri biri ilə üz-göz olub. Sonuncu yadımda qalan olay iki adaşın- Ramiz Novruzla Ramiz Məlikin yumruq davasıdır. Xatırlayırsızsa, Ramiz Novruz Ramiz Məlikin vurub  gözünün altını qaraltmış və məsələ polis şəbəsinə qədər gedib çıxmışdı. İşdən çıxarılan Azər Mirzəyevin vaxtsız  ölümü, xalq artisti İlham Əsgərovun beyninə qan sızması da  Azdrama ətrafında həmişə söz-söhbət yaradıb. Yadıma, teatrın ədəbi hissə müdiri, teatrşünas Atababa Hacıbabayevin bir açıqlaması düşür. Ondan bir jurnalist dostumuz soruşmuşdu ki, Azdrama bu durumdan necə çıxacaq? Demişdi ki, şeytanı aradan götürəndən sonra. Şeytan kimdir ? sualına da “teatrda nifaqı kim salırsa o”cavabını vermişdi. Teatrşünas kimi nəzərdə tutmuşdu onu deyə bilmərəm, amma deyə bilərəm ki,  bu ilin mayında Azdrama İsrafil müəllimi yola saldı. Onunla müqavilənin müddətini uzatmadılar və o çıxıb getdi.  Azərpaşa Nemətov rəhbərliyə gəldi..amma intriqalar yenə də davam edir. Yenə də aktyor rejissor köməkçisini döyür, yenə də nələrsə olur. Və..Fuad Poladov  baş verənlərə dözməyib teatrı tərk edir.

Fuad Poladovu sevməyən məncə az tamaşaçı tapılar. Bəlkə də heç tapılmaz. Xarizma, yüksək istedad, aktyorluq qabiliyyəti, səs-qısası səhnə, efir üçün nə lazımdırsa bu adamda birləşib. O da Allahın ona verdiyi bu keyfiyyətləri təyinatı üzrə xərcləyib. Tamaşaçı həmişə ondan razı qalıb. İndi onun gedişinin belə səs-küy doğurması da bundan irəli gəlir. Fuad Poladov Azdramanın özü boyda nəhəng  aktyordur. O hara getsə, ora qazanacaq və bu mənada aktyorun taleyi üçün heç kim narahat olmasın. Amma Azdrama üçün mən artıq indidən narahatam.Təkcə Fuad Poladovu  itirdiyi üçün yox, həm də “ulduz müharibələləri”nin qarşısını heç cür ala bilmədiyi üçün.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist