Geriyə yol yoxdur: HAKİMİYYƏT AVROPADAN ÜZ ÇEVİRMƏMƏKLƏ DOĞRU OLANI ETDİ - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 17 May 2018 10:00

 

Ondan başlayaq ki, müasir dünyada insan hüquqları bir ölkənin daxili işi deyil. Dünyada insan hüquqlarını qorumaq Avropanın dəyərlərinə sahib çıxması deməkdir. Bu dəyərləri bölüşən təşkilatlardan biri də Avropa Şurasıdır.

Etiraf edək ki, Azərbaycan Avropa Şurasına daxil olandan sonra mütərəqqi nailiyyətlərə imza atıb. İddia oluna bilər ki, insan hüquqları sahəsində vəziyyət ötən illərlə müqayisədə pisləşib, siyasi məhbusların sayı çoxdur.

Bu başqa bir məsələnin mövzusudur.

Amma xatırlayaq ki, Azərbaycan Avropa Şurasına daxil olarkən 700-dən artıq siyasi məhbusumuz olub, ötən illər ərzində ölüm hökmünün ləğvindən tutmuş, qanunvericilik bazamızın formalaşmasında kifayyət qədər uğurlarımız olub.

Elə yerli məhkəmələrin qeyri-adekvat qərarlarından verilən şikayətlərin Avropa İnsan Hüquqları Məhkəməsində təmin olunması vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi baxımından ən ciddi nailiyyət sayıla bilər. Ona görə də kimsə düşünməsin ki, Avropa Şurası bizə heç nə vermədi.

Ölkəmizin müasirləşməsini istəyən kəsimin bir narahatlığı var idi. Azərbaycan hökumətinin ölkədəki vəziyyətlə bağlı tənqidləri birmənalı inkar etməsi, irəli sürülən tövsiyyələrin rədd olunması, hətta “bizə Avropa lazım deyil” deyərək, bir müddət “Avronest” PA-dakı fəaliyyətimizi dayandırmaq kimi olayların şahidi olduq.

Sözün doğrusu, Avropa Şurasının Parlament Assambleyasının son sessiyasında Azərbaycanla bağlı məlum məsələnin müzakirəsi zamanı Səməd Seyidovun “belə Avropa Şurası mənə lazım deyil” deməsi də ölkəmizin bu qurumla yollarını ayıracağına dair gözləntilərə səbəb olmuşdu.

Yaxşı ki, bu baş vermədi. Bir anlıq təsəvvür edin, son  mətbuat konfransında Səməd Seyidov Azərbaycanın Avropa Şurası ilə əlaqəsini dayandırdığını elan edir və nümayəndə heyəti ümumiyyətlə, sessiyalara qatılmır.

Nə baş verər? Avtoritarizmdən demokratiyaya keçid edib, yeni bir dönəmə start verən və hazırda dünyanın demokratik kəsimində kifayyət qədər reytinq əldə edən Ermənistan Avropa Şurasında tək söz sahibi olur.

Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan isə bu tribunada yoxdur.

Azərbaycan yetkililərinin isterikadan uzaq olaraq, ağıllı qərar verməsi ki, biz Avropa Şurasında fəaliyyətimizi davam etdirəcəyik, bu, ən çox fərqli situasiya gözləyən ermənilərin  planlarını pozmuş oldu.

Səməd Seyidov olmayacaq amma bütün hallarda qurumdakı heyətimiz qalır və istənilən müzakirələrdə ermənilərə cavab vermək imkanına malikdirlər.

Ancaq əsas məsələ bundan sonra nə etməkdən ibarət olmalıdır. Ümid edək ki, Azərbaycanın Avropadan başqa yolunun olmadığını görənlər, bu yolda ortaya çıxacaq maneləri də dəfn etmək əzmini ortaya qoymalıdır.

Özəlliklə, həbsdəki siyasi fəallar, jurnalistlər azadlığa buraxılmalıdır. O şəxslərin azadlıqda qalması hakimiyyətin nə mövcudluğu, nə də fəaliyyəti üçün hər hansı bir təhlükə törətmir.

Rəsmilərinin əsas arqumentlərindən biri budur ki, Azərbaycana bu məsələlərdən təzyiq kimi istifadə olunur. O zaman  bu təzyiqləri istəmiriksə, onun üçün rıçaqları da verməyə bilərik.

Azərbaycanın həll etməli olduğu ən ciddi problemlərdən biri məhkəmə-hüquq sisteminin təşviq edilməsidir.

Ölkəmiz Avropa Konvensiyasını ratifkasiya edəndən sonra Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanıyıb. Amma eyni epizodlar üzrə Avropa Məhkəməsinin qərarları gəlməkdə davam edir.

Azərbaycannın xarici ticarət dövriyyəsində ən çox pay sahibi Avropa ölkələridir.

Hələlik, mandat dondurulmasından başlayan sanksiyalar bir gün iqtisadi sankiylara keçərsə, ölkəmizin gerçək vəziyyətini düşünmək belə dəhşətlidir.

Ona görə də geriyə yolumuz yoxdur.

Dünən nümayiş olunan təmkinli yanaşma, Azərbaycanın Avropa ilə yoluna davam edəcəyinə dair rəsmi mövqe qarşıda islahatlar perspektivinə inam yaratdı.

Pərviz HƏŞİMLİ

GUNUNSESİ.İNFO