
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “Vaz 21074” markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Qazax rayonunun İncəsu adlanan ərazisində saxlanılıb və qanunvericiliyə uyğun olaraq baxış keçirilməsi üçün nəqliyyat vasitəsi Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun ərazisinə gətirilib. Yoxlama zamanı avtomobilin yük yerindəki selofan torbaların içərisindən üzərində aksiz markası olmayan 7600 ədəd “Vinston”, 4200 ədəd “Parliament” və 3380 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib.
Bundan başqa Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “Mersedes Benz” markalı avtomobildə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan araqların və siqaretlərin olması barədə məlumat daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Ağstafa rayonu ərazisində saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yük yerindən və ön ayaqaltılarının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 111 ədəd 1.0 litrlik “Nemiroff” markalı araqlar, aksiz markası ilə markalanmayan 1800 ədəd “Marlboro Gold Edge”, 600 ədəd “Marlboro Gold Touch” və 600 ədəd “Marlboro Filter Plus” markalı siqaretlər aşkar edilib.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info











