Goranboyun icra başçısına töhmət verildi

  • By admin
  • 29 İyun 2016 10:34

nizamedd

 

Nizaməddin Quliyev Prezident Administrasiyasına çağrıldı

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin ətrafında xüsusi əməliyyat keçirməsi  faktının ictimailəşməsi Prezident Administrasiyası hərəkətə gətirib. Gununsesi.info-nun məlumatına görə, adıçəkilən rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev bu günlərdə Prezident Administrasiyasına çağrılıb və ciddi şəkildə danlanıb.  Məlumatda Nizaməddin Quliyevə töhmət verildiyi və son şansını yaşadığı deyilib.

Onu da qeyd edək ki, Goranboy rayonu ən çox məmur qanunsuzluğundan əziyyət çəkən rayonlardan biridir. Icra başçısının qanunsuz əməllərini isə saymaqla qurtarmaz. Son olay isə Nizaməddin Quliyevin “vurulma” prosesini bir daha sürətləndirdi.

Xatırladaq ki, Goranboy  rayonunun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə gündür, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.

Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.