” Günü bu gün yayıma başlaya bilərik” - SEYFULLA MUSTAFAYEV

  • By admin
  • 26 Noyabr 2019 21:50

Qafqazın ilk özəl televiziya kanalı ANS-in 28 yaşı tamam olur

Gununsesi.org ANS TV-nin təsisçilərindən biri Seyfulla Mustafayevin İstiPress-ə müsahibəsini təqdim edir:

– Seyfulla müəllim, ilk növbədə bizim ən səmimi təbriklərimizi qəbul edin. Bu gün nəinki Azərbaycanda, eləcə də Qafqazın ilk özəl və ilk xəbər televiziya kanalı ANS-in 28 yaşı tamam olur. ANS Azərbaycanda böyük nüfuza sahib kanal olub; xüsusi ilə Qarabağ müharibəsinin davam etdiyi illərdə. Bu yalnız mənim fikrim deyil. ANS cəbhədə baş verənlər – məğlubiyyətlər, qələbələr barədə xalqa ən doğru məlumat verən yeganə vasitə idi. Biz fəxr edirik və xüsusi ilə qeyd etmək istəyirik ki, Azərbaycanın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev də ANS-i çox sevib. Bunun sübutu çoxdur. ANS-i fəaliyyətini dayandırmaq üçün hər şeyi edən məmurlardan fərqli olaraq, o, bizə çox inanırdı. Bu gün ANS-in keçmiş əməkdaşlarını küçədə saxlayaraq onlara bir sual verirlər: ANS yenidən fəaliyyətə başlayacaq? Bu sualı da biz sizə ünvanlayırıq.

– Biz günü bu gün yayıma başlaya bilərik. Lakin bizdən asılı olmayan səbəblərdən fəaliyyətimizi bərpa edə bilmirik.

– Seyfulla müəllim, gələn il sizin böyük qardaşınız, cəsur jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin 60 illiyi qeyd ediləcək. Məhz onun qorxmazlığı, cəsurluğu sayəsində bütün dünya Xocalıda baş verən qətliamdan, ermənilərin qadınlarımıza, uşaqlarımıza, ahıllarımıza qarşı etdiyi vəhşiliklərdən xəbər tutub. ANS ÇM radiosu yeganə informasiya vasitəsi idi ki, Qarabağda həlak olan cəsur jurnalistin adını daşıyırdı. Bu gün yenidən məşhur olan ifadəni çox eşitmək istərdik – ANS ÇM 102 fm. Buna ümid edə bilərik?

– ANS ÇM-in bağlanmasını indiyədək başa düşmürük. Bu, qanunsuz idi. Çünki həm istintaq orqanları, həm də MTRŞ-nın iradları ANS Müstəqil Yayım və Media Şirkəti ilə bağlı idi. Yəni ANS ÇM radiosunun lisenziyasının ləğvinin hüquqi əsasları yox idi. Ona görə də bu məsələ sirr olaraq qalmaqdadır. Ümid edək ki, hər şey ədalətli olacaq və gələn il – Milli Qəhrəman Çingiz Mustafayevin 60 illiyində ANS ÇM radiosunun səsi 102 FM dalğalarından yenə də  eşidilməyə başlayacaq.

 

Gununsesi.org