Hadi Rəcəbli: “Artıq Prezident Administrasiyasının səlahiyyətlərinə aydınlıq gətirilməlidir” - AÇIQLAMA

  • By admin
  • 03 Avqust 2016 00:03

hadi

“Parlamentdaxili böhran olarsa, Prezident məclisi buraxacaq”

Demokratik dövlətlərdə qanunverci orqan dövlətin məsuliyyətini bölüşən əsas qurumdur və hökumət üzərində ciddi nəzarətə sahib olur. Azərbaycanda parlamentin olmayan səlahiyyətləri isə sentyabrdakı referendumdan sonra əlindən çıxacaq və formal bir quruma çevriləcək. Artıq konstutusiyaya ediləcək dəyişikliklərə görə,  parlamentin buraxılması da mümkün olacaq. Bir sözlə Milli Məclis qanun qəbul edən bir qurumdan başqa heç nəyə yaramayacaq.

Maraqlıdır ki, Milli Məclisin rəhbərliyində təmsil olunan şəxslər də bu dəyişikliyə dəstək verir. Belə şəxslərdən biri də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir. Komitə sədri Modern.az-a müsahibəsində bu məsələlərdən danışıb.

Gununsesi.info deputatın fikirlərini təqdim edir.

O, deyib ki, Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır: “Qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir. İlkin olaraq bu maddə ilə bağlı elə təəssürat yarana bilər ki, burada yanaşma parlament institutunun rolunun nisbətən zəifllədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə görünür ki, əsas məqsəd daha çox sabitliyin təmin edilməsi və parlamentdaxili böhran, xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsidir. Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər. Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin konstitusiyalarındada müəyyən edilib. Ölkə Prezidenti tərəfində parlamentin buraxılması məsələsi də bu günün reallıqları baxışından çox mühüm və önəmli məsələdir.

Çünki əgər parlament müsbət deyil, mənfi tendensiyalara cavab versə, Prezident onu buraxacaq. Bu da ölkədə özbaşınalığın, xaosun qarşısını almağa xidmət edir.

Bütün bu Konstitusiya dəyişikliklərində əsas məqsəd prezident üsul idarəsi olan dövlətimizdə hakimiyyət idarəçiliyinin daha çevik, sürətli və mükəmməl formada həyata keçirməkdir”.

H. Rəcəblinin sözlərinə görə,  vitse-prezident vəzifələrinin təsis edilməsi Prezidentin iş fəaliyyətinə dəstək, Prezident xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilmişdir: “Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bu ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr də göstərdi ki, belə institutun yaradılması zərurəti mövcuddur.

Prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək. Prezidentin seçilmə müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyətinə təsiri yoxdur. Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox, 6-7 il müəyyən olunub. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olub və bu dövrdə Fransa və Türkiyədə demokratiya və iqtisadi vəziyyət geriləməyib.

Ümumi olaraq qeyd edilməlidir ki, yeni layihə ölkəmizin Konstitusion quruluşunda və idarəçilik ənənələrinə yeni səhifə gətirir və gələcək silsilə islahatların əsasını müəyyən edir. Vitse-prezidentlik dünyada geniş yayılmış dövlət idarəçilik formasıdır. Bu gün dünyanın 67 ölkəsində vitse-prezidentlik idarə üsulu var. İranda 10-dan çox vitse-prezident var. Amerikada, Avropada vitse-prezidentlik quruluşu mövcuddur. Bu idarəçilik formasının inkişaf etdirilməsi çox önəmlidir. Bizim ölkə bu gün prezident üsulu idarəsi olan dövlətdir. Ona görə də bu referendumla prezident üsul idarəsi daha da güclənəcək. Mən bir siyasətçi kimi hesab edirəm ki, I vitse-prezidentlik və vitse-prezidentlik olacaqsa, artıq Nazirlər Kabinetinin və Prezident Administrasiyasının səlahiyyətlərinə də ciddi şəkildə aydınlıq gətirilməlidir.

Yəni, ölkədə eyni funksiyaları Prezident Administrasiyası yerinə yetirirsə, bəs o zaman Nazirlər Kabineti nə ilə məşğul olmalıdır?

Əslində Konstitusiyada Nazirlər Kabinetinin və Prezident Administrasiyasının vəzifə və səlahiyyətləri öz əksini tapıb. Sadəcə olaraq, bu məsələdə Prezidentin direktiv sənədlərində, normativ hüquqi aktlarında, sərəncam və fərmanları ilə bu qurumların səlahiyyətləri düzgün bölüşdürülməlidir.

Lazımsız qurumların, təkrarçılığın və məmur kütləviliyinin qarşısı birmənalı şəkildə alınmaldır. Hər yanda gözünü açırsan, görürsən məmur işə gəlib-gedir və maaş alır. Konstitusiya dəyişikləri ilə inzibatçılığın azalmasına, idarəetmədə şəffaflığın artmasına, struktur islahatlarına rəvac verilməli və məmur təkrarçılığının qarşısını alınmalıdr.

Prezident Administrasiyası ilə Nazirlər Kabineti arasındakı səlahiyyət bölgüsünə ciddi bir aydınlıq gəlməlidir.

Ola bilsin ki, Administrasiya və Nazirlər Kabinetinin bir sıra səlahiyyətləri vitse-prezidentliyə verilsin. Çünki idarəçilikdə yarana biləcək bu cür təkrarçılıqdan qaçmaq lazımdır.Bu məsələlərə çox ciddi baxmaq lazımdır. Düzdür, indiki referendumla Nazirlər Kabineti saxlansa da, hesab edirəm ki, təkrarçılığa ehtiyac yoxdur və bu sahədə olan səlahiyyət bölgülərinə tam aydınlıq gəlməlidir.

Çünki bu gün Nazirlər Kabinetində də və Prezident Administrasiyasında da aqrar, sosial və iqtisadi bölmələr var. Belə təkrarçılığın qarşısı alınmalıdır. Ölkə Prezidenti də 2015-i “islahatlar ili” elan edib. Əsas məqsəd odur ki, maksimum optimallaşdırmaya keçilsin”.

 

Gununsesi.info