Havanı çirkləndirən bu sexin sahibinə 4 min cərimə kəsildi

  • Müəllif: admin
  • 20 Dekabr 2018 10:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nərimanov rayonu, N.Nəsrullayev küçəsi 5 ünvanında fəaliyyət göstərən “Bakı Elektriktökmə” ASC-nin nəzdində fəaliyyət göstərən sexdən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən  araşdırılıb və monitorinq aparılıb.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı “Bakı Elektriktökmə” ASC-nin nəzdində icarə müqaviləsi ilə fəaliyyət göstərən metal qəbulu sexinin sahibi Natiq Məmmədovbarəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimə olunub.

 Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğunun quraşdırılması məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

“Bakı Elektriktökmə” ASC-yə isə ətraf mühitə mənfi təsiri olan sexlərlə icarə müqaviləsi bağlamaması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.