Heyvan kəsimi ilə məşğul olan sahibkarlar AQTİ-də

  • Müəllif: admin
  • 06 Mart 2019 20:22

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Heyvan kəsimi məntəqələrində qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib.

Qurumdan Gununsesi.org-a verilən məlumata görə, tədbirdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlar, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin baytarları iştirak ediblər.

İnstitutun əməkdaşı, təlimçi Nicat Rzazadə “Baytarlıq qanunvericiliyi və inkişaf perspektivləri” mövzusunda ətraflı məlumat verib.

Strateji hədəflərə çatmaq üçün yaxın perspektiv hədəflərdən söz açan N. Rzazadə “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsi, sahibkarların hüquqlarının aktiv müdafiəsi, aşkarlıq və şəffaflıq prinsipləri əsasında yeni ödəniş qaydalarının formalaşmasının əhəmiyyətindən danışıb.

Digər təlimçi Mehriban Bağırova “Heyvan kəsim məntəqələrinin quruluşu, texnoloji proseslər və risk nöqtələri” barədə məlumat verib.

Bildirib ki, kəsim məntəqələrində HACCP sisteminin tətbiqinin məqsədi sağlam və təhlükəsiz ətin istehsalıdır.  Bağırova dünyanın inkişaf etmiş ölkələrində heyvan kəsimi məntəqələrində istifadə olunan təmizlik və dezinfeksiya avadanlıqları, kəsim məntəqələrində risklər, texnoloji prosesə əsasən kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi ilə bağlı zəruri informasiyaları diqqətə çatdırıb.

 

O, qətiyyətlə vurğulayıb ki, kəsim məntəqələrinə gətirilən heyvanların baytarlıq sənədlərinin olmasına xüsusi diqqət yetirilməli, ümumi daşınma zamanı hər hansı heyvan xəstələnə və ya ölərsə, digər heyvanların karantinə qoyulmasına göstəriş verilməlidir.

İnstitutun əməkdaşı Murtuz Əkbəri isə “Heyvan kəsim məntəqələrində baytarlıq sanitariya qaydaları və onların tətbiqi” mövzusunda çıxış edib.

Sonda müzakirələr aparılıb, iştirakçılar öz fikir və təkliflərini diqqətə çatdırıblar.