İçki dostlarının sonu – QƏTL VƏ 18 İL 6 AYLIQ HƏBS...

  • Müəllif: admin
  • 05 Mart 2018 10:42

Azərbaycanda baş verən qətllərin böyük bir qismi sərxoş vəziyyətdə törədilir. Bu qəbildən olan daha bir qətl hadisəsi ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Gununsesi.info xəbər verir ki, içki yoldaşını öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədova 18 il 6 ay həbs cəzası istənilib. Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokurorun təklifi belə olub.

Prokuror çıxışında deyib ki, Rəcəb Məmmədovun hadisə günü onunla birlikdə spirtli içki qəbul eləmiş Fərhad Mehdiyevi qətlə yetirməsi məhkəmədə sübuta yetirilib. Amma Rəcəb prokurorun dediyi ilə razılaşmır. Deyir ki, Fərhadı o öldürməyib.

Hərçənd, istintaqa ifadəsində hadisəni törətdiyi etiraf olunur. Bu ziddiyyətə gəlincə, Rəcəb deyir ki, o vaxt yaddaşı yerində olmayıb: “Düzdü, yadımdadı ki, yumruqla onu vurdum, amma onu mən öldürməmişəm”.

Həmin gün onların içki məclisində bir nəfər də olub – Aleksandr Karuxin. O, Rəcəbin qonşusudur, üçü birlikdə içiblər. Rəcəb məhkəmədə bildirib ki, qətli də elə Aleksandr törədib: “Mənim özümün heç Fərhadla yaxın münasibətim olmayıb. Həmin gün də onu və Aleksandrı içki içmək üçün çağırmışdım”.

Aleksandr Karuxin də məhkəməyə gəlib. O, hadisə günü Rəcəb və Fərhadla içdiyini təsdiqləsə də, kimsəni öldürmədiyini söyləyib: “Parkda içdik. Rəcəb turşu, xiyar da almışdı. İçəndən sonra ayrıldıq. Mən evə getdim. O da öz evinə getdi. Sonra olanlardan xəbərim yoxdur…”

Gülər

Gununsesi.info