İdman xərcləri 12.4 dəfə artıb - EKSPERT RƏYİ

  • Müəllif: admin
  • 09 İyun 2017 12:22

idman xercleri

Neft gəlirlərinin azalması fonunda büdcə xərclərinin ixtisarı büdcənin icrası prosesində hökumətin xərc siyasətinin əsas prioritetlərindən biri olub. Bu dəyişiklikləri hökumət parlamentə məlumat vermədən, hər hansı məsləhətləşmə aparmadan öz baxışı əsasında həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bu fikirlər İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertlərinin 2016-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində yer alıb.

Ümumilkdə büdcə xərcləri nəzərdə tutulan proqnozun 96%-i səviyyəsində icra edilib və 17 751.2 mln. manat təşkil edib. Ayrı-ayrı funksional bölmə, köməkçi bölmə və paraqraflar üzrə xərclərdə ixtisarların səviyyəsi daha yüksək olub. Məsələn,

“Nəqliyyat və rabitə” bölməsi 31.4%,

“Səhiyyə” bölməsi 15.4%,

“Kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı” bölməsi 14.5%,

“İqtisadi fəaliyyət” bölməsi 11.2%, “Sənaye və tikinit” bölməsi 10.5%, “Mədəniyyət, incəsənət və bədən tərbiyəsi” bölməsi 7%,

“Mənzil-kommunal təsərrüfatı” bölməsi 7%,

“Ümumdövlət xidməti” bölməsi 5.2% kəsirlə icra edilib.

Yalnız bir bölmə – “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi büdcə proqnozda nəzərdə tutulandan 30.6% artıq icra edilib.

Təşkilatın rəyinə görə, əvvəlki ilə nisbətən 2016-cı ilin büdcə xərclərmələrinin prioritetləri dövlət borcuna xidmət və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı olub. Belə ki, 2016-cı ildə “Ümumdövlət xidmətləri” bölməsi çərçivəsində dövlət borclarının qaytarılmasına 1769.1 mln. manat və ya cəmi xərclərin 10%-i səviyyəsində vəsait yönəldilib. 2015-ci ildə həmin göstərici 4% təşkil etmişdi. 2016-cı ildə göstərilən bölmə üzrə dövlət borcunun qaytarılmasına xərclərin mütləq məbləği əvvəlki ilə nisbətən 2.5 dəfə  və ya 1064.6 mln. manat artıq vəsait yönəldilib.

“Lakin dövlət büdcəsindən borca xidmət xərcləri bununla məhdudlaşmayıb. Əlavə olaraq il ərzində büdcənin müxtəlif funksional bölmələri üzrə qənaət edilmiş 498.1 mln. manat dövlət borclarının qaytarılması üzrə Təminat Fondu vasitəsilə ayrı-ayrı dövlət müəsssiələrinin dövlət zəmanətilə alınmış daxili və xarici borcların qaytarılmasına sərf olunub”-hesabatda vurğulanır.

Rəyə görə, nəticə etibarı ilə 2016-cı ildə Təminat Fondunun əvvəlki illərdə akkumlyasiya olunmuş ehtiyatları hesabına ödənən borclar nəzərə alınmadan bilavasitə dövlət büdəsindən hökumətin daxili və xarici borclara xidmət xərcləri 2267.2 mln. manat və ya bütün büdcə xərclərinin 12.8%-i səviyyəsində olub.

Təhlildə qeyd edilir ki, ötən il dövlət büdcəsindən beynəlxalq idman tədbirlərinin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib. 2016-ci ildə “Bədən tərbiyəsi və gənclər siyasəti” köməkçi bölməsinə yönəldilən vəsaitin məbləği əvvəlki ilə nisbətən 12.4 dəfə artaraq 447.3 mln. manata çatıb. Hesabat ilində bu xərclərin dövlət büdcəsinin məcmu xərclərində xüsusi çəkisi 3.9% təşkil edib, halbuki əvvəlki ildə həmin göstərici 1.5% olmuşdu. İdmana dövlət büdcəsindən yönəldilən xərclərin bu cür kəskin artımı Azərbaycanın 2016-cı ilin iyun ayındaFormula 1 Avropa Qrand Pri yarışmasına ev sahibliyi etməsilə bağlı olub.

Ekspertlərin fikrincə, büdcənin neft sektorundan daxiolmaları azaldığı şəraitdə hökumət mümkün olduğu qədər xərclərə qənaət etməklə büdcə kəsirini minimum səviyyədə saxlamağa üstünlük verir. 2016-cı il dövlət büdcəsinin kəsiri 241.2 mln. manat və ya ÜDM-nin 0.39%-i səviyyəsində təşkil edib. Halbuki 2016-ci ilin büdcə qanununda 1673 mln. manat və ya il üzrə gözlənilən ÜDM həcminin 2.8%-i səviyyəsində büdcə kəsiri proqnozlaşdırılmışdı. Göründüyü kimi, faktiki büdcə kəsiri proqnozdan 6.9 dəfə və ya 1431.8 mln. manat az olub.

Neft gəlirlərinin azaldığı şəraitdə hökumətin xərc prioritetlərində investisiya xərclərinin rolu əhəmiyyətli dərəcədə azalıb. Azərbaycan iqtisadiyyatına böyük neft pullarının daxil olduğu son 10 ildə heç bir maliyyə ilində investisiya xərclərinin dövlət büdcəsində payı 2016-cı ildəki səviyyədə aşağı olmayıb. Hesabat ilində bu göstəricinin səviyyəsi 15.2%, mütləq məbləğdə 2707.1 mln. manat təşkil edib. 2006-2015-ci illərdə investisiya xərclərinin dövlət büdcəsində xüsusi çəkisi 24-40% intervalında dəyişib.

Rəydə vurğulanır ki, dövlət büdcəsi vasitəsilə müxtəlif dövlət müəssisə və şirkətlərinə iri həcmdə maliyyə dəstəyi göstərilib.  Bu dəstək yalnız adıçəkilən təsərrüfat subyektlərinin investisiya layihələrinə dövlət büdcəsindən vəsait ayrılması ilə məhdudlaşmayıb. Eyni zamanda, dövlət büdcəsinin Ehtiyat Fondu çərçivəsində bir sıra dövlət şirkətlərinin kapitalizasiyasının artırılmasına, həmçinin birbaşa və Təminat Fondu vasitəsilə həmin şirkətlərin daxili və borclarının qaytarılmasına maliyyə yardımı göstərilib. Məsələn, elektrik enerjisi sektoruna investisiya xərcləri çərçivəsində 45.5 mln. manat ayrılmaqla yanaşı, “Azərenerji” ASC-yə və  “Azərenerji” ASC-yə daxili və xarici borcların qaytarılması üçün Təminat Fondu vasitəsilə 412.1 mln. manat, bu 2 müəssisənin maliyyə sağlamlaşdırılması (kapitalizasiyanın artırılması yolu ilə) birbaşa dövlət büdcəsindən 776 mln. manat vəsait ayrılmlışdır. Göründüyü kimi, dövlət büdcəsi daxilində 3 müxtəlif xərc kanalı ilə elektrik enerjisi sektorunda fəaliyyət göstərən 2 dövlət şirkətinə 1233.6 mln. manat vəsait yönəldilib ki, bu ümumi büdcə xərclərinin 6.9%-ni təşkil edir.

Öz növbəsində, Neft Emalı Zavodunun və “Azərkimya” İB-də modernləşdrimə tədbirlərinin maliyyələşdirilməsi üçün Dövlət Neft Şirkətinə 168 mln. manat kapital dəstəyi göstərilb, Beynəlxalq Banka kapitalının artırılması üçün 564 mln. manat ayrılıb, əlavə olaraq, illik büdcə xərclərindən  Təminat Fondu vasitəsilə 20-dək müxtəlif dövlət qurumunun daxili və xarici borcunun qarşılanmasına 400 mln. manata yaxın vəsait ödənmişdir.

Vüsalə Rüstəmova

Gununsesi.info