İki rayonun ləğvinə dair layihə plenar iclasa çıxarılır

  • By admin
  • 11 Fevral 2022 13:20

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasın gündəliyinə “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) daxil edilib.

“Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur. Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, Gəncə şəhərində Nizami və Kəpəz bələdiyyələrinin əhatə etdiyi ərazi vahidləri dəyişir. Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq. Qüvvədə olan qanuna görə, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Kəpəz rayonu (aşağıda göstərilən bələdiyyənin ərazisi çıxmaqla) daxildir.

Eyni zamanda Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Nizami rayonu daxildir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Gununsesi.info