İlham Əliyev Almaniyanın “erməni qanunu”nu tənqid etdi

  • By admin
  • 03 İyun 2016 16:43

 

Ilham Aliyevv

“Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni ciddi qəbul etmirik”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımla Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

Prezident İlham Əliyev deyib ki, belə bir qətnamə qəbul edənlər çox ciddi tarixi səhvə yol veriblər: “Azərbaycan həmişə olduğu kimi bu məsələdə də Türkiyənin yanındadır. Biz ancaq Türkiyə ilə birlikdə güclüyük. Biz gücümüzü birləşdirir, böyük layihələr həyata keçiririk. Bu gün bu layihələri yenidən dəyərləndirdik”.

Dövlət başçısı bildirib ki, Azərbaycan-Türkiyə ilə birliyini gücləndirəcək: “Biz gələcəkdə birliyimizi gücləndirəcəyik. Bütün böhranlara, krizlərə baxmayaraq, iqtisadiyyatı inkişaf edir, Türkiyə güclənir. Türkiyənin gücü bizim gücümüzdür. Biz bütün sizin uğurlarınza öz uğurlarımız kimi sevinirik. Bugünkü səfər və görüşlər, müzakirələr əminəm ki, gələcək illər üçün də gözəl şərait yaradacaq.”

 

Prezident qeyd edib ki, Almaniya Bundestaqının qərarı siyasi sifarişdir: “Bunun siyasi tərəfləri var. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək, Türkiyənin müstəqil siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə, bəhanədir, böyük dövlətlərin əlində alətə çevrilib. Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən il iyunun 12-də Almaniya parlamenti Azərbaycana qarşı ədalətsiz, yalana əsaslanan qətnamə qəbul edib. Guya Azərbaycanda insan haqları pozulur. Bu, yalandır. Azərbaycanda demokratiya inkişaf edir, azad internet mövcuddur. Azad internet olan yerdə söz azadlığı necə pozula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var. Biz bu gün görürük ki, Avropada dinc nümayişçilər necə təhqir olunur”.

 

İlham Əliyev  xatırladıb ki, Birinci Avropa Oyunlarının açılışında Almaniya parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib: “Bu, bizə sataşmaq idi. Azərbaycan və Türkiyəyə qarşı bu qətnamələri qəbul edənlər böyük tarixi və siyasi səhv buraxdılar. Bizə qarşı aparılan təxribatlar göstərdi ki, biz ancaq birlikdə güclü ola bilərik. Türkiyə və Azərbaycan birliyi faktordur, bu faktoru heç kim inkar edə bilməz”.  (Report)