İran və Türkiyə prezidentləri İlham Əliyevə zəng edib

  • By admin
  • 05 İyul 2016 12:04

ruhani

 

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Gununsesi.info prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edərək, öz növbəsində Ramazan bayramı ilə əlaqədar İran İslam Respublikasının Prezidentini təbrik edib, İran xalqına tərəqqi və firavanlıq arzulayıb.

Dövlətimizin başçısı İran İslam Respublikası Prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər. Telefon söhbəti zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da dünən İlham Əliyevi bayram münasibətilə təbrik edib. Telefon danışığı zamanı dövlət başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

 

Gülnaz Qənbərli