İran boyunca 3 həftəyə yaxındır ki, davam edən leysan yağışlar ardınca əmələ gələn daşqınlar 70-dən artıq insanın ölümünə bais olub.
Gununsesi.org xəbər verir ki, şənbə günü, aprelin 6-da hakimiyyət cənubdakı Xuzistan bölgəsində daha 6 yaşayış məntəqəsinin təxliyəsinə dair qərar qəbul edib.
Bölgə çaylarındakı bəzi bəndlər təzyiqə tab gətirməyə bilər və belə halda tələfatın artması real təhlükədir, rəsmilər xəbərdarlıq edir.
Daşqınlar 10 minlərlə insanın məskunlaşdığı bölgələrə təsir göstərib.
Minlərlə yol, körpü və ev məhv olunub.
Təbii fəlakət 31 bölgədən 24-ünü əhatə edir.
Ən çox tələfat cənubdakı Fars, Xuzistan, qərbdəki Luristan və şimalda yerləşən Gülüstan bölgələrində qeydə alınıb.
İlkin dəyərləndirmələrə görə kənd təsərrüfatına dəyən zərərin miqyası 47 trilyon riala çatır ($350 mln), İRNA agentliyi Kənd təsərrüfatı nazirliyinin nümayəndəsi Məhəmməd Musaviyə istinadən yaydığı xəbərdə bildirir.
Hökumət itkilərin qarşılanacağını vəd edir.
Təxliyə işlərinə hərbçilər cəlb olunub.
Televiziya daşqın bölgələrində ərzaq, su, yorğan və çadırlara ehtiyac olduğunu bildirir.
Gununsesi.org