İsveçrəli professorlar Bakıda İsveçrə demokratiyasından danışdı -FOTO

Bakıda “Kitabistan Talks” layihəsi çərçivəsində növbəti elmi konfrans keçirilib. Gununsesi.info-nun xəbərinə görə, “Kitabistan Talks”un bu dəfəki qonaqları İsveçrə Milli Elmlər Fondunun və İsveçrə Elmlər Şurasının üzvü, siyasi elmlər üzrə professor Vulf Linder və Bern Universitetinin professoru, Lozanna Universitetinin “Eccellenza” layihəsinin rəhbəri Şon Müller olub.

Konfransda həmçinin professor Vulf Linder və Şon Müllerin müəllifi olduğu “İsveçrə demokratiyası” kitabı da təqdim olunub.

Qeyd edək ki, “İsveçrə demokratiyası” kitabı Kitabıstan tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub.

“İsveçrədə təhsil və İsveçrə neytrallığı” mövzusunda keçirilən konfransı giriş sözü açan Kitabıstanın təsisçisi Şəhriyar Məcidzadə konfransda iştirak edən İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyreni, diplomatik korpus nümayəndələrini və digər iştirakçıları salamlayıb, professor Vulf Linder və Şon Müllerə Azərbaycana gəldikləri və konfransda məruzəçi kimi çıxış etdikləri üçün təşəkür edib. O, “İsveçrə demokratiyası” kitabı haqqında məlumat verib və bildirib ki, yeni nəşr edilən kitab, keçirilən konfrans dünyanın müsbət nümunələrini Azərbaycanda təqdim etmək üçündür: “Kitabıstan hər zaman dünyanın müsbət nümunələrini ölkəmizdə təqdim edib. Düşünürəm ki, dünyada ən yaxşı nümunələrdən biri İsveçrədir. Ona görə “İsveçrə demokratiyası” kitabını Azərbaycan dilinə tərcümə edib, çap etmişik”.

Daha sonra İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre çıxış edib. O, çıxışı zamanı Kitabıstana təşəkkür edib və İsveçrənin özünəməxsus xüsusiyyətləri haqqında məlumat verib:

“İsveçrənin siyasi sistemi kifayət qədər unikaldır. İsveçrənin özünəməxsus xüsusiyyətlərinin uzun tarixçəsi var. Bu il biz 1848-ci ildə qəbul olunmuş İsveçrə Konstitusiyasının 175-ci ildönümünü qeyd edirik. Bu tarixdən əvvəl İsveçrə dövlətlərin konfederasiyası idi. 1848-ci ildə isə hazırkı konstitusiyanın dayaqları formalaşdırıldı”.

Xanım səfirin çıxışından sonra Kitabıstanın konfrans üçün xüsusi olaraq hazırladığı video nümayiş olundu və daha sonra professor Vulf Linder və Şon Müller kürsüyə dəvət olundu. Azərbaycanda olmaqdan məmnun olduqlarını deyən professorlar təşkil olunan konfransa və “İsveçrə demokratiyası” kitabının Azərbaycan dilində nəşr olumasına görə Kitabıstana təşəkkür ediblər. Onlar konfransda, əsasən, üç mövzu haqqında çıxış etdilər: İsveçrə demokratiyası, İsveçrədə təhsil və İsveçrə neytrallığı. Konfransda V.Linder və Ş.Müler bu mövzuların hər biri haqqında ətraflı məlumat verdikdən sonra auditoriyanın suallarını cavablandırdılar.

İsveçrə demokratiyasının tarixi haqqında danışan Şon Müller bildirib ki, müasir dövrə qədər İsveçrədə də bir çox münaqişələr, müharibələr, vətəndaş müharibələri olub:

“Sonuncu dəfə 1848-ci ildə belə müharibə olub. Artıq o dövrdən bu yana insanlar sülh şəraitində yaşayırlar, ölkədə stabillik var və onlar şokolad yeyərək dağlara yağan qarlara baxırlar. Əhali firavan həyat sürür. Stabilliyin də əsas göstəricilərindən biri budur.

Bizim hökumətin 7 prezidenti var. Unikallıq da bundadır. Çünki onlar razılığa gələ bilmədilər və unikal bir hökumət sistemi yatardılar ki, müxtəlif dillərdə danışan regionlardan hər kəs bu şuraya daxil ola bilsin”.

Daha sonra professorlar İsveçrənin təhsil sistemi və ölkənin neytrallığı haqqında danışıblar. Vulf Linder bildirib ki, İsveçrə neytrallığa asan şəkildə nail olmayıb. Ölkə bunun üçün uzun bir yol keçib.
Konfransın yekununda professor Vulf Linder və Şon Müllerə dünya elminə verdikləri töhfəyə görə Kitabıstanın Fəxri vətəndaşı adı verildi. Qeyd edək ki, Kitabıstanın Fəxri vətəndaşı adı öz fəaliyyətində bəşəri dəyərləri əsas tutan, mədəniyyətlərarası dialoqa, maarifçiliyə və dünya elminə töhfə verən şəxslərə verilir. Konfransdan sonra V.Linder və Ş.Müller birgə qələmə aldıqları “İsveçrə demokratiyası” kitabını oxucular üçün imzaladılar. Qeyd edək ki, “İsveçrədə təhsil və İsveçrə neytrallığı” “Kitabistan Talks”un ikinci elmi konfransı idi. Kitabıstandan verilən məlumata görə, elmi konfranslar mütəmadi olacaq. Burada əsas məqsəd dünyanın müsbət nümunələrini Azərbaycanda təqdim etməkdir. 

 

Mətləb Yaqublu
Gununsesi.info