Jalə Əliyeva : “Dilimizin bugünkü vəziyyəti ilə bağlı həyəcan təbili çalanlar sırasında olmuşuq”

  • By admin
  • 29 İyul 2016 15:22

jala

 

“Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Azərbaycan dilinin bugünkü vəziyyəti ilə bağlı bu günə qədər həyəcan təbili çalanlar sırasında olub. Həqiqətən də, dəfələrlə iclaslarımızda, bütün çıxışlarımızda Azərbaycan dilinin bu gün televiziyalarda, mətbuat orqanlarında, küçədəki reklam çarxlarında düşdüyü vəziyyəti, mətbəələrdə yayımlanan mətbu nümunələrində Azərbaycan dilinin özünəxaslığına bir kölgə gətirilməsi haqqında danışmışıq”.

Gununsesi.info xəbər verir ki,bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini  Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, təbii ki, bu baxımdan, Azərbaycan Prezidentinin bir necə il öncə imzaladığı məlum “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam  çox vaxtında verilmiş bir sərəncamdır və bu sərəncamdan sonra nəhayət, dövlət dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi nəticələr, müsbət irəliləyişlər əldə ediləcək. O,deyib ki, ölkə prezidentinin sərəncamında məhz cəmiyyətdən gələn narahatçılıq və dilimizlə məşğul olan insanların narahatçılığı bənd-bənd öz əksini tapıb.

“Ölkə Prezidenti tezis şəklində göstərir ki, hansı məsələlərdə problemlər var və nə etmək lazımdır. Artıq bu yöndə müvafiq işçi qrup fəaliyyət göstərir. Eyni zamanda, terminalogiya komisiyasının yaradılması ilə bağlı iş gedir. Bu da çox əhəmiyyətli məsələdir.Azərbaycan  Prezidentinin həmin sərəncamında Azərbaycan dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiya istiqamətinin də inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır. Çünki Azərbaycan dilinin bu gün televiziyada, mətbuat orqanlarında, küçədəki reklam lövhələrində, mətbu nümunələrində yad elementlərdən xali olmadığı bizim hər birimizə yaxşı məlumdur və bu baxımdan qeyd etmək istəyirəm ki, ölkə başçısının bu yöndəki Sərəncamı tarixi əhəmiyyətli bir sənəddir. Odur ki, bu sərəncamdan sonra dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi addımlar atılıb və mühüm nəticələrin, irəliləyişlərin əldə edildiyini düşünürəm”-deyə, J.Əliyeva daha sonra sözlərinə əlavə edib.

Gununsesi.info