Komitə sədri: Səfirliyə hücum terrordur

  • By admin
  • 27 Yanvar 2023 12:39

“Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə hücum beynəlxalq hüquqlara, konvensiyalara ziddir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, səfirlik əməkdaşının qətlə yetirilməsi heç bir çərçivəyə sığmır:

“Bu hadisə terror hadisəsi kimi qiymətləndirilməlidir. İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur. Baş verən hadisə yaxın qonşumuz İranın iç üzünü bir daha ortaya qoyur və “qardaş” ölkə olduqlarını təsdiqləyir”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Gununsesi.info