Komitə sədrindən bədbin proqnoz: - "2018-Cİ İL NƏ QƏDƏR ÇƏTİN OLSADA BU SİSTEMƏ KEÇMƏLİYİK"

  • By admin
  • 01 Dekabr 2016 12:00
ehliman
Azərbaycanda keyfiyyətli tibbi xidmət ancaq icbari tibbi sığorta sisteminə keçdikdən sonra mümkün olacaq.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə,  2017-ci ildə Yevlax və Mingəçevirdə pilot layihə olaraq icbari tibbi sığortaya keçid olacaq və ölkə başçısı tərəfindən bu layihənin həyata keçirilməsi üçün 10 milyon manat vəsait ayrılıb. “Hesab edirəm ki, 2018-ci ildə nə qədər çətin olsa da, bütövlükdə icbari tibbi sığortaya keçməliyik və bu sistemi tətbiq edə biləcəyik. Düzdür bəzi KİV-lərdə icbari tibbi sığortanın ölkədə tətbiqi ilə bağlı pessimist fikirlər qeyd olunmaqdadır. Ancaq bu deyilənlərə baxmayaraq bir şeyi dərk etməliyik ki,  hansı ölkə tibb sahəsində uğurlar əldə edibsə, o, ölkələr ancaq icbari tibbi sığortanın hesabına əldə edib. Biz nə qədər tez icbari tibbi sığorta sisteminə keçsək, Azərbaycanda səhiyyənin və tibbi xidmətin səviyyəsi yüksəlməyə başlayacaq”- deyə, Ə. Əmirasalanov bildirib.
Komitə sədri onu da əlavə edib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı bütün məsuliyyəti dövlətin üzərinə atmaq olmaz. “Dövlət ancaq aztəminatlı təbəqənin maliyyələşdirməsini öz üzərinə götürməlidir. Ancaq icbari tibbi sığortanın tətbiqi və maliyyələşməsi ilə bağlı yetərincə digər mənbələr var və bunlardan istifadə etmək lazımdır. Bunun üçün hesab edirəm ki, Maliyyə, Səhiyyə və İqtisadiyyat nazirlikləri, eləcə də parlamentin səhiyyə komitəsi bir araya gəlib məsələni müzakirə etməlidir. Bir daha deyirəm ki, icbari tibbi sığortanı toplamaq üçün ehtiyatt mənbələrimiz var və onlardan istifadə etmək lazımdır”- deyə, komitə sədri qeyd edib.
Mürtəza
Gununsesi.info.