Mədən Sənayesində Şəffaflığın Artırılması -QHT koalisiyası bəyanat yaydı

  • By admin
  • 29 Yanvar 2023 14:17
Azərbaycan Milli EİTİ Koalisiyasının 29 dekabrda Dövlət Statistika Komitəsinin hazırladığı Hasilat Sənayesində Şəffaflıq Hesabatına Rəyini ictimaiyyətə çatdırmaq üçün keçirdiyi dəyirmi masada və 2023-cü ilin 10 yanvarında “Hasilat sənayesində şəffaflıq hesabatlarının beynəlxalq standarta yaxınlaşdırılması yolları” adlı  keçirdiyi çalıştayda (vorkşopda) aparılan müzakirələrin nəticələri olaraq aşağıdakıları bəyan edir:

 

1. Dövlət Statistika Komitəsinin (DSK) hazırladığı 2021 və 2022 Şəffaflıq Hesabatları DSK-nın 2021-ci il 25 fevral tarixli 01/14s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Hasilat Sənayesində Şəffaflıq üzrə statistik göstəricilər sistemi”nə uyğun olsa da, Beynəlxalq EİTİ şəffaflıq standartına cavab vermir (Vətəndaş Cəmiyyətinin  iştirakçılığı təmin edilmir,  bir çox mühüm məlumatlar verilmir, hər hansı analitik mülahizələri ehtiva edən zəruri qeydlər edilmir, bir sıra şirkətlərə dair bir çox məlumatlar açıqlanmır və sair);
2. Hasilat sənayayesi üzrə bağlanmış müqavilələrin hələ də bir qismi açıqlanmamış qalır.
Qeyd edək ki, bu hallar heç də Hesabatların yerli və xüsusilə də beynəlxalq səviyyədə etibarlılığına xidmət etmir.
O da qeyd edilə bilər, hazırki durum Azərbaycan Respublikası Prezidentinin «Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında» 28 iyul 2020 tarixli Fərmanına da ziddir, çünki bu Fərmanda bildirilir ki: «HSŞ sahəsində beynəlxalq standartların ardıcıl tərəfdarı olaraq Azərbaycan Respublikası bu dəyişikliklərin ölkəmizdə tətbiqini təmin etməyi və onların müsbət nəticələrindən yararlanmağı zəruri hesab edir». Beləliklə bu Fərman hesabatların beynəlxalq standarta riayət edilməsinin vacibliyini təsdiq edir. Lakin, Hesabatlar bu tələbə cavab vermir. Problemin əsasında isə “Hasilat Sənayesində Şəffaflıq üzrə statistik göstəricilər sistemi”nin Beynəlxalq Şəffaflıq Standartı tələblərinin yalnız bir qismini əhatə etməsidir.
Daha bir problem digər normativ-hüquqi aktla əlaqəlidir. Bu da, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununudur. Qanunun 16-cı maddəsi şirkətlərə imkan verir ki, DSK-ya təqdim etdikləri məlumatların açıqlanmamasını tələb etsinlər. Nəticədə, bir sıra şirkətlərə dair bir çox məlumatlar DSK-nın hazırladığı şəffaflıq hesabatında açıqlanmır.
Beləliklə, hasilat sənayesində şəffaflığın artırılması məqsədi ilə aşağıdakı addımların atıması vacib görünür:
1) “Hasilat Sənayesində Şəffaflıq üzrə statistik göstəricilər sistemi”nin Beynəlxalq Şəffaflıq Standartı tələblərinə uyğunlaşdırılması;
2) hasilat sənayesində fəaliyyət göstərən şirkətlərə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsaslanaraq DSK-ya təqdim etdikləri məlumatların açıqlanmamasını tələb etmək hüququn aradan qaldırılması məqsədi ilə həmin qanunun 16-cı maddəsinə müvafiq dəyişikliklərin edilməsi;
3) hasilat sənayesində imzalanmış lakin hələ açıqlanmayan 4 sazişin mətnlərinin digər sazşlər kimi DSK veb-səhifəsində təqdim edilməsi;
4) yeni sazişlərin dərhal imzalandıqdan sonra açıqlanmasına dair xüsusi yeni qanunun qəbul edilməsi və ya mövcud “Yerin təki haqqında” Qanunda müvafiq tələblərin əks etdirilməsi.
Bu addımların atılması heç şübhəsiz hasilat sənayesində şəffaflığın artırılmasına xidmət edəcək.
Şəffaflığın artırılmasında və ölkəmizin beynəlxalq səviyyədə imicinin bərpası üçün ən mühüm addım isə MHŞT üzvlünə qayıtması olardı. Uzun illər, Azərbaycan Respublikası bu mötəbər beynəlxalq təşkilatda nümunəvi ölkələrdən biri olmuşdur.
Gununsesi.info