“Mən istədiyimi danışacam, sən oturub qulaq asacaqsan…” - Köçəryan baş prokurora hirsləndi

  • By admin
  • 17 May 2019 11:35

Ermənistanda eks-prezident Robert Köçəryanın işi üzrə məhkəmə prosesində baş prokuror Artur Davtyanla müttəhim arasında mübahisə yaranıb.

Gununsesi.org xəbər verir ki, məhkəmə iclasının əvvəlində sözü Köçəryana veriblər. O, deyib ki, eks-prezident kimi hüquqları kobud pozulub.

“Baş prokurorluğun toxunulmazlığı necə yozması heç bir tənqidə dözmür. Hətta adi kadastr işçisi də belə səhvə yol verməzdi”-Köçəryan bildirib.

Bu zaman Davtyan onu “korrekt danışmağa” çağırıb və bu cür açıqlamalardan çəkinməyi tələb edib.

Mübahisəyə Köçəryanın vəkili qarışıb, hakimi baş prokurorun dediklərinə müdaxilə etməyə çağırıb. “Mən öz arqumentlərimi sırf hüquqi müstəvidə təqdim edirəm, emosional ifadələr işlətmədən”-Davtyan cavab verib.

Köçəryan isə baş prokurora cavab verib: “Sizin ittihamlarınızın hüquqla heç bir əlaqəsi yoxdur. Mən istədiyimi danışacam, sən isə oturub qulaq asacaqsan”. Davtyan isə “Baxarıq” deyə cavab verib. Xatırladaq ki, Köçəryan 2008-ci ilin 1-2 mart hadisələrinə görə mühakimə olunur. O, nümayişçilərə qarşı ordunun istifadə edilməsinə əmr verən əsas şəxsdir.

Köçəryan məhkəmədə həmin hadisələr zamanı Qarabağdan ordu qüvvələrinin Yerevana niyə yeridilməsi haqda danışmayıb. Təkcə onu deyib ki, Qarabağdan olan heç bir əsgər həmin hadisələrdə iştirak etməyib. Köçəryanın bildirdiyinə görə, bu mövzu həssasdır və Ermənistan Müdafiə Nazirliyinin Qarabağla qarşılıqlı əlaqələrinə aiddir. Ona görə də iclasın bu hissəsini qapalı keçirmək lazımdır.