Mətanət Əsədova da şikayətləndi: “Elə bir şəxs varmı ki, ifaçıya təmənnasız sponsorluq etsin?”

  • By admin
  • 30 İyul 2016 11:05

metanet_asadova

 

Son günlər ifaçılar arasında müğənnilik sənətinə dəyər verilməməsi ilə bağlı narazılıqlar yaranmağa başlayıb. Bu narazılıqlar əvvəllər  olsa da, indi bu, intensiv hal alıb. Bu narazılığı edənlərdən biri də müğənni Mətanət Əsədovadır. Gununsesi.info-ya geniş müsahibə verən müğənni də söhbət zamanı daha çox bu mövzuya toxundu.

Necəsiniz? 

-Şükürlər olsun, yaxşıyam.

-Əksər sənət dostlarınız istirahətdədir. Siz necə, bu barədə hələ düşünmürsünüz? 

-Yalan danışmayım, Azərbaycandan kənara çıxa bilməmişəm. Bu il ölkədən kənara çıxmaq hələ planda yoxdur. Bəzi problemlərim var, onları həll etməliyəm. Bu yay gözəl guşələrimizdən birinə gedəcəm. Gələn il yəqin ki, sənət dostlarıma qoşulacam.

Hansı yeniliklər var? 

-Yeni mahnılar üzərində çalışıram.  Bir neçə mahnı ilə bağlı planlar var. Bunlardan biri Niyam Salami ilə duet oxuduğumuz “Beləmi yad olduq bir-birimizə” adlı mahnıya çəkiləcək klipdir. Gözəl bəstəkar Nailə Mirməmmədlinin mahnısını oxuyacam və Ruslan Səfəroğlunun mahnılarına müraciət edəcəm.

 Klip çəkdirmək istəmirsiniz? 

-Mən 30 ildir klipsiz keçinirəm. Məni klipsiz də sevirlər. Obrazlı oxuyan sənətkaram, ona görə də, o, oxumağın qarşısında klip lazım deyil. Obrazlı oxumaq hər kəsə nəsib olmur. Düzdür, müğənniyə klip lazımdır. Fikrim də var ki, inşallah, əgər alınsa, yaxşı bir klip çəkdirim. Ancaq bunu  soyuq havalar üçün  nəzərdə tuturam.

-Deyirlər ki, Mətanət Əsədova özündən razıdır… 

-Özümdən razıyam? Əstəğfirullah! Mən də çox  eşidirəm, amma heç kim haqqında pis danışa bilmərəm, hamımız Allahın quluyuq, mən də hər kəsə eyni baxıram. 10 milyon insanın hamısının  Mətanət Əsədovaya qulaq asmaq kimi məcburiyyəti yoxdur axı?! Hamının fikrinə hörmətlə yanaşıram. Hər bir insanın fanat ordusu var. Məni də heç kim məcbur edib filan müğənnini dinlə, filan paltarı geyin, filan yeməyi ye deyə bilməz. Düzdür, həyatda çox şey məcburiyyətlədir, ancaq  nə xoş mənə ki 30 ildir klipsiz, konsertsiz sevilirəm.

-Zamanı geri çəksəydiniz, hansı səhvinizi düzəldərdiniz?

-Yalnız xasiyyətimi dəyişərdim. Çox safam, tez inanıram, sadəlövhəm, ürəyiaçıq insanam, hamıya özüm kimi yanaşıram… Kaş ki,  xasiyyətim də sənətim kimi olardı.

Xasiyyətiniz oxumağınıza mane olur? 

-Əgər sənətim kimi özümü aparsaydım, özümü çəkərdim, “burada mənəm, Bağdadda kor xəlifə” misalı kimi özümü aparardım. Sənətim qarşısında mən elə olmalıydım, amma əfsuslar olsun ki,  mənim iç dünyam buna yol vermədi.  Elə tərbiyə almamışam, mənim mənəviyyatım zəngindir. Həyatım yox, mənəviyyatım!

Səhvləriniz çox olub? 

-Bəli. Səhvlərim çox olub. Saflığım, insanlığım, mədəniyyətim yol vermədi ki başqa cür addım atım. İnsanlara gözəl yanaşdım, amma  məni düzgün  basha düşəmədilər, ona görə içimdə özümü danlayıram.

-Nə vaxtsa, “bəsdir, daha oxumayacağam”demisiz?

-Nə vaxt rahat yaşamaq üçün imkanım olacaq, o zaman bəsdir, deyəcəm. Mən maddi vəziyyətə görə oxuyuram, sənət deyib ifa etmirəm, çörəyim bundan çıxır… Bizdə  sənətə qiymət vermirlər. Əvvəllər sevərək oxuyurdum, amma indi qazanc mənbəyimdir…

-Hamı sənətin yoxluğundan şikayətçidir. Sənəti göstərmək üçün nə lazımdır? Sizə nə mane olur? 

-Indi sənət heç kimə lazım deyil. Sənət lazımdırsa, elə bu dəqiqə sənətkarla danışırsız. Heç bir müğənnini qınamıram. Neynəməlidir, müğənni? İfaçının gözəl villası olmalıdır, maşını olmalıdır, dünya səviyyəli klipi olmalıdır. Bunları  yalnız səsi ilə edə bilərmi? Əlbəttə, yox! Mənimlə razılaşın, əgər tək səslə edə bilərəmsə, dünya boyda sənətim var, edə bilsəm, edərəm. Təkan verən olmasa, mümkün deyil. Elə yalandan danışmaqları var. Elə bir şəxs varmı ki, ifaçıya təmənnasız sponsorluq etsin? Yoxdur!  İndi təmənnasız heç kim heç kimə heç nə eləmir.

-Ümumiyyətlə, beynəlxalq tədbirlərdə iştirak etmisiniz?

-Hansı beynəlxalq tədbirlər?

-Qastrol səfərlərində və ya dövlətin təşkil etdiyi beynəlxalq tədbirlərdə…

-Qastrol səfərinə getmək olar,  lap istəyirsən dünyanın o başına get, amma bunun maddi tərəfi var. Yol pulu, geyimi, özünəbaxımı var. Gərək maddi  vəziyyət yaxşı olsun ki,  biz də bu barədə düşünə bilək. Indi bu dəqiqə elə təkliflər də çox azdır. Bilirsiniz, sənətə olan dəyər çox aşağıdır. Küsüb oturmuşam,  oxuyuram amma… Mən hələ bu vaxta qədər, yəni, bu 30 ildə ürəyim istəyən  Mətanətin səsini göstərməmişəm. O imkanı yaratmayıblar. Nə vaxt efirə çıxmışam, ortaya qalmaqal atıblar. Kiminsə məndən xoşu gəlməyib, kimisə öyrədiblər deyə, verilişdə dava- dalaş salıb. Bu boyda sənət qalıb kənarda, verilişdə qalmaqal gedib.  Qalmaqala layiq insanlar qalıb kənarda, sənətkara götürüb qalmaqal yaradıblar. Hamısı reytinqə görə. Aparıcı  musiqini duymursa, ümumiyyətlə, aparıcılıqdan xəbərin yoxdursa, bu, belə də olmalıdır. Əlinə qələm alıb oturub qalmaqal yaradır ki, verilişi baxımlı olsun. Amma əksinə, baxımlı olması üçün gərək sənət göstərilsin həmin verilişdə. Sənətkar çağırmısan, nolar bir tar, kaman çağır, səviyyəli musiqidən bir sual ver, gözəl əhval-ruhiyyə yarat, desinlər ki,  halaldır. Yoxsa, o, onu söydü, bu, bunu söydü. Şəxsi həyatla bağlı lazımsız suallar verirlər. Neçə dəfə ərə getmisən, evin noldu? Bezmədi  Azərbaycan bu verilişlərdən? Bir dənə mən deməklə düzəlmir, baş alıb gedir…

-Əvvəllər imkanların olmadığı bir zamanda sənət var idi,  amma indi bütün imkanlar var, sənət yoxdur… 

-Sənət var. Əvvəlkilərdən də gözəldir. Əksəriyyəti unudulmuşdu. Mən Rübabəni, Şövkəti, Nərminəni, Tükəzbanı hamısını gətirdim. Hanı? Kimdi indi sənətə fikir verən? Bizdə başqa şeyə qiymət verirlər, sənətə yox.

-Mətanət xanım özünü xoşbəxt hiss edirmi? 

-Allah- təala mənə böyük sənət verib. Xoşbəxtəm ki, Allah məni fiziki, mənəvi cəhətdən qüsurlu yaratmayıb. Ağlım yerində, səviyyəm, səliqəm  yerindədir. Allah deyir, sənə hər şeyi vermişəm, “səndən hərəkət, məndən bərəkət”. Qalan şeyi özümüz etməliyik,  ona da imkan versələr… Əgər xoşbəxtlik bir ailə ilədirsə, birinci dəfə alınmadısa,  kənarda qısılıb durmalı deyiləm. Mübarizə aparmalıyam. Bu qanunla  yaşayıram, məyus olmaq olmaz. Həyatdır, buna da min şükür.

-Əksəriyyəti deyir ki, Azərbaycandan kənarda olsaydım, daha qabağa gedə bilərdim. Burda doğulduğunuza görə peşmansız?

-Xeyr, Azərbaycandan kənara çıxanda darıxıram.  Amma son vaxtlar getmək istəyirəm. Oxumağa da həvəsim qalmıyıb. Yalnız öləndə gəlmək istərdim. Tək istəyim budur ki, Allah qarşıma bir bəndə çıxarsın, özümü ailəmə həsr edim başım onlara qarışsın.

Sevinc Xeyrulla

Gununsesi.info