Millət vəkili: “Referendumun Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik”

  • By admin
  • 19 İyul 2016 13:35

qudret

 

 

“Türkiyədə yaşananlar göstərdi ki, hərbi qiyam zamanı Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır, çünki qiyam zamanı Milli Məclisin iclasını çağırmaq mümkün olmaya bilər”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinə ilkin münasibətini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı BAXCP-nin mətbuat xidmətinə açıqlama verən Qüdrət Həsənquliyev  mövcud dəyişikliklərin daha çox xarici faktorlardan qaynaqlandığı qənaətində olduğunu vurğulayıb. BAXCP sədri qeyd edib ki, dünyada və regionda baş verən olaylar ciddi narahatlıq doğurur, Azərbaycanı, Ermənistanla danışıqlar uğursuzluğa səbəb olarsa, qanlı savaş gözləyir:

“Görünür iqtidar bu çağırışlara hazır olmaq və ölkədə davamlı sabitliyin təmin olunmasını prezidentlik institutunun gücləndirilməsində görür.

Türkiyədə yaşananlar göstərdi ki, hərbi qiyam zamanı Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır, çünki qiyam zamanı Milli Məclisin iclasını çağırmaq mümkün olmaya bilər. Ona görə də dəyişiklik edilərkən 95.16 və 109.28-ci maddələr Konstitusiyadan çıxarılmalıdır.

Bundan başqa da layihəyə əlavə təkliflərimiz olacaq ki, yaxın vaxtlarda bunu açıqlayacağıq.

Biz BAXCP olaraq ölkədə parlamentli respublika tərafdarı olsaq da, mövcud dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik”.

 

Gununsesi.info