Millət vəkili şəhid anası ilə görüşdü

  • By admin
  • 21 Noyabr 2021 13:18

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhidimiz Məhyəddin Məmmədovun anası Hicran xanım və ailə üzvləri ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, Q.Paşayeva bu il ilk dəfə bayram etdiyimiz Zəfər Gününün sevinc, fərəh və qüruru üçün şəhidlərimizin əziz ruhuna minnətdar olduğumuzu, həmişə də minnətdar olacağımızı vurğulayıb. O, ali dövlət rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərimizə, müharibənin bütün iştirakçılarına və zərər görmüşlərinə göstərdiyi xüsusi diqqət və qayğının hər bir dövlət işçisi, deputat və ictimai fəal qüvvələr üçün örnək olduğunu bildirib.

Şəhidin anası Hicran xanım Məhyəddin Məmmədovun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan əks hücum vaxtı, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğunu bildirib.

Qeyd edək ki, Məhyəddin Yaşar oğlu Məmmədov (17 avqust 1998, Ağdaş — 27 sentyabr 2020, Tərtər rayonu) ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ruhu şad olsun!

Gununsesi.info