MTN polkovniki çıxış üçün hakimdən vaxt istədi - VÜSAL ƏLƏKBƏROV ELDAR MAHMUDOV VƏ MÖVLAM ŞIXƏLİYEVLƏ BAĞLI ŞOK FAKTLAR AÇIQLAYACAQ

  • By admin
  • 16 İyun 2017 17:58

eldar-movlan-vusal

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərova son söz verilib.

Amma Vüsal Ələkbərov çıxış etməyə hazır olmadığını deyib. O, hakimlərdən çıxışa hazırlaşmaq üçün əlavə bir həftə də vaxt istəyib.

Bu səbəbdən hakimlər növbəti məhkəmə iclasını iyunun 23-nə təyin ediblər.

Qeyd edək ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin onun rütbəsinin əlindən alınmasını, üzərində həbs olan əmlaklarının müsadirə edilməsini istəyib.

İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi və Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzili üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Xatırladaq ki, ötən prosesdə çıxış edən Vüsal Ələkbərov mövcud mütəşəkkil dəstənin başında duranların azadlıqda olduğunu demişdi. Belə ki, “Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?” deyən Vüsal Ələkbərov bu ifadələri işlədərkən milli təhlükəsizlik naziri Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutub.

Gununsesi.info