“Nardaran işində” şahidlər ifadə verib

  • By admin
  • 22 Sentyabr 2016 14:14

mehkeme 

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Gununsesi.info-nun xəbərinə görə,  prosesdə Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Xəyyam Camalov şahid qismində ifadə verib. O bildirib noyabrın 5-də bir qrup şəxs polis idarəsinin qarşısına toplaşaraq, Taleh Bağırovun müavini Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Həmin şəxslər daş və dəmir parçalarından istifadə edərək polis əməkdaşlarına xəsarət yetiriblər. Daha sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Elnur Şərifov şahid və zərərçəkmiş kimi ifadə verib. O, da oxşar ifadə verib. Təqsirləndirilən Zakir Mustafayev isə həmin şəxsin ona işgəncə verdiyini deyib.

Prosesdə gunun ikinci yarısı davam edəcək. 

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb. 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur. 

Gülnaz Qənbərli

Gununsesi.info