Natiq Əliyev: “Vəziyyət bu cür davam etsə, neft şirkətləri iri layihələrini dayandıracaq”

  • By admin
  • 02 İyun 2016 11:16

Natig Aliyev

 “Dünya bazarında neft qiymətləri 2000-ci illərdən bəri ən aşağı həddə düşüb. Əgər bu proses bir neçə il də davam etsə, neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil & Gas”) konfransında jurnalistlərə açıqlamasında energetika naziri Natiq əliyev bildirib.

Nazirin sözlərinə görə, neftin ucuzlaşması bir sıra amillərdən asılıdır: “Geosiyasi amillər neftin qiymətinə çox təsir edib. İraq və Liviyada hasilatın səviyyəsi müharibə səbəbindən aşağı düşüb. Vəziyyət bu cür davam etsə, neft şirkətləri iri layihələrini dayandıracaq, qazma və hasilatın səviyyəsi aşağı düşəcək”.

Yaranmış vəziyyətin Azərbaycana təsirindən danışan nazir qeyd edib ki, bu proseslərin ölkəmizə təsiri minimumdur. “Azərbaycan neftdən asılılığı azaltmağa çalışırıq və biz buna nail oluruq”.

Natiq Əliyev qeyd edib ki, dünya bazarında neftin ucuzlaşması Azərbaycanı narahat etmir: “Biz həyata keçirdiyimiz meqa layihələri davam etdiririk. Layihələrin reallaşdırılmasında ləngimə yoxdur. Əksinə, sözügedən enerji layihələri üzrə işlər sürətlə aparılır. Hamı bilməlidir ki, Azərbaycan meqa enerji layihələrinin həyata keçirilməsində qətiyyətlidir”.

Nazir onuda əlavə edib ki, enerji layihələrində Azərbaycanın tərəfdaşı olan ölkələr ölkəmizi dəstəkləyir.

Natiq Əliyev TAP üzrə hazırlıq işlərinin 10%-i yekunlaşdığını bildirib. “TAP-dan Avropaya ixrac edilən qazdan Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da yararlanacaq. Artıq TAP konsorsiumu Monteneqro, Xorvatiya, həmçinin Bosniya və Herseqovinaya interkonnektorun çəkilməsini təklif edib. TAP qazı Bolqarıstanın 40% qazını təmin etməyə qadirdir”.
TANAP barədə danışan N. Əliyev qeyd edib ki, adıçəkilən layihə Türkiyənin Rusiya qazından asılılığına son qoymağa kömək edəcək: “Bu günə qədər Türkiyənin Rusiya qazından asılılığı 58% təşkil edir. Digər tərəfdən TANAP-la nəql olunan qaz Rusiya qazından daha ucuz başa gələcək”.

Gununsesi.info